Lavrovun səfəri Azərbaycan və Rusiya arasında “müttəfiqlik sazişinin” imzalanmasının bir illiyi ilə bağlıdır - ŞƏRH
Xəbər verdiyimiz kimi, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Sergey Lavrovun Azərbaycana səfərə hazırlaşması ilə bağlı açıqlama verib. Zaxarova səfərin detalları ilə bağlı razılaşma olandan sonra məlumat veriləcəyini bildirib. "Hazırda səfərin razılaşdırılması üzərində iş gedir" - deyə o bildirib.
Politoloq Elxan Şahinoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun gözləniılən səfərini şərh edib. O bildirib ki, yaxın günlərdə gözlənilən səfər Azərbaycan və Rusiya arasında “müttəfiqlik sazişinin” imzalanmasının bir illiyi ilə bağlıdır. "Həmin saziş ötən il fevralın 21-də Moskvada Azərbaycan və Rusiya prezidentlər arasında imzalanmışdı" - deyən siyasi şərhçi qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə həmin sazişi tarixi sənəd kimi qiymətləndirib: "Bu bir ildə Moskvanın Azərbaycana qarşı müxtəlif açıq və gizli təxribatlarını nəzərə alaraq həmin sənədin Zaxarovanın təbirincə desək, keyfiyyəti şübhə doğurur. Qarabağ separatçılarının “liderləri"ni tez-tez Moskvaya çağıran, onlara təlimat verən, Laçın yolundan separatçıların silah, sursat, mina daşınmasına şərait yaradan mərkəz Azərbaycana “strateji müttəfiq” ola bilməz. Ona görə də Sergey Lavrovun Bakıda deyəcəyi sözləri deyil, onun və ona əmr verənlərin əməllərini qiymətləndirmək lazımdır".