Azərbaycanın İsraillə yanaşı, Fələstinlə də əlaqələrə əhəmiyyət verməsi doğru strategiyadır - POLİTOLOQ


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə və Fələstinə rəsmi səfər edib.


AFN.az xəbər verir ki, martın 29-da İsraildə Azərbaycan səfirliyinin açılış mərasiminə qatılan C.Bayramov bu gün Fələstinə rəsmi səfərə yollanıb. O, Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki ilə görüşərək birgə mətbuat konfransı keçirib. Tədbirdə C.Bayramov bəzi bəyanatlar səsləndirib. Azərbaycanın müxtəlif regionlarda münaqişələrdən və silahlı qarşıdurmalardan narahat olduğunu diqqətə çatdıran XİN başçısı “Biz Fələstin-İsrail münaqişəsinin həllini istəyirik, sülhə nail olmaq istiqamətində səyləri dəstəkləyirik. Biz iki dövlətli həll yolunu (Şərqi Qüdsün paytaxt olması ilə) dəstəkləyirik", - deyə vurğulayıb.
Fələstinin xarici işlər naziri Riyad Əl-Maliki öz növbəsində Fələstin xalqının azadlıq istəyinə verdiyi dəstəyə, beynəlxalq platformalarda Fələstini dəstəklədiyinə görə, Azərbaycana təşəkkürüni bildirib.

Politoloq Elxan Şahinoğlu C.Bayramovun səfərini şərh edərkən bildirib ki, Azərbaycanın İsraillə yanaşı, Fələstinlə də əlaqələrə əhəmiyyət verməsi doğru strategiyadır: "Azərbaycan İsraildə səfirlik açmaqla yanaşı Fələstində nümayəndəliyin fəaliyyətə başlayacağına qərar verib. Başqa dövlət rəsmiləri də İsrailə səfəri yekunlaşdırdıqdan sonra Fələstinə keçirlər. Bu İsraillə Fələstin arasında balansı qorumağa imkan verir. Azərbaycanın İsraildə səfirlik açması Fələstini narahat etmədiyi kimi, Azərbaycanın Fələstində nümayəndliyinin fəaliyyətə başlaması da İsraili narahat etmir".

Politoloqun sözlərinə görə, Azərbaycan hər il 25 fələstinli tələbə üçün təqaüd ayırır, paralel olaraq Nablus regionunda məktəb tikəcək. "Bunlar varkən heç bir dövlət bizi İsraillə strateji əməkdaşlıq fonunda Fələstini guya unutmağımızda ittiham edə bilməz" - deyə E.Şahinoğlu fikrini yekunlaşdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu