Kibertəhlükəsizlik Mərkəzinin yaradılması çox faydalı addımdır - EKSPERT


Xəbər verildiyi kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib. Ölkədə getdikcə artan kibertəhlükəsizlik çağırışlarına cavab olaraq yaradılan mərkəz bu sahədə yüksək ixtisaslı mütəxəssis və təlimçilərin yetişdirilməsində əsas rolu oynayacaq. Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində 3 il ərzində 1 000-dən çox şəxsə təlim verilməsi nəzərdə tutulub. Eyni zamanda mərkəzdə 15 təlimçi yetişdiriləcək ki, onlar da gələcəkdə ölkəmizdə kibertəhlükəsizlik sahəsində mütəxəssislərin hazırlanmasına töhvələrini verəcəklər.


Kibertəhlükəsizlik sahəsində kifayət qədər təcrübəsi olan İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidləri, tendensiyaları və ən yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin edəcəklər. Yeni yaradılan mərkəzdə ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuş sinif otaqları, təlim otaqları, simulyasiya otaqları və laboratoriyalar fəaliyyət göstərəcək. Tələbələr həmin laboratoriyalarda tədqiqat apara, müxtəlif kibertəhlükəsizlik məhsulları yarada biləcəklər.

AFN.az xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz mərkəzin yaradılmasını şərh edib. O, bildirib ki, İsraillə birlikdə yaradılan Kibertəhlükəsizlik Mərkəzi ölkəmizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayacaq: "Mərkəzdə baş tutacaq təlimlərdə 3 növ mütəxəssisin hazırlanması planlaşdırılır: “Red Team” (hücum), “Blue Team” (müdafiə), “SOC Team” (analitika).
Kibertəhlükəsizlik sahəsində səlahiyyətli dövlət qurumu olan DTX rəisinin də bu Mərkəzə dəstək verməsi gələcəkdə burada hazırlanan kadrlardan daha səmərəli istifadə ediləcəyini düşünmək üçün əsaslar verir.
Düşünürəm ki, RİNN tərəfindən belə bir Mərkəzin yaradılması çox faydalı bir addımdır və bununla ölkənin kibertəhlükəsizlik imkanlarının xeyli güclənəcəyini, bu sahədə daha peşəkar kadrların hazırlanacağını proqnozlaşdırmaq olar".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu