Kibertəhlükəsizlik Mərkəzi tərəfindən keçiriləcək təlimlərə qeydiyyat başlanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ilə İsrailin “Technion” Universiteti arasında imzalanmış müqaviləyə əsasən təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən keçiriləcək təlimlərə qeydiyyat prosesinə start verilib.
AFN.az xəbər verir ki, kibertəhlükəsizlik sahəsində keçiriləcək təlimlərdə iştirak üçün 18 yaşdan yuxarı və ingilis dili biliklərinə malik olan Azərbaycan vətəndaşları müraciət edə bilər.
Təlimlərdə iştirak etmək üçün iştirakçıların seçimi bir neçə mərhələdə həyata keçiriləcək. İlkin mərhələdə təlimlərdə iştirak etmək istəyən namizədlər onlayn qeydiyyat forması ilə müraciət edəcəklər. Yalnız qeydiyyatdan keçmiş namizədlər növbəti mərhələlərdə iştirak hüququ əldə edəcəklər. İkinci mərhələdə namizədlərin məntiqi və analitik düşüncə qabiliyyəti, IT sahəsində bilikləri və ingilis dili səviyyəsi yoxlanılacaq. Sonuncu mərhələdə isə namizədlərlə müsahibə aparılacaq və müsahibədən uğurla keçən 60 namizəd təlimlərdə iştirak hüququ əldə edəcək.
Proqrama qəbul edilmiş namizədlər 6 ay müddətində “Technion” Universitetinin professor-müəllim heyəti tərəfindən keçiriləcək təlimlərdə iştirak edəcəklər. İngilis dilində tədris olunacaq təlim proqramında namizədlər şəbəkə, proqramlaşdırma, əməliyyat sistemləri ilə bağlı biliklər əldə etməklə yanaşı, kibertəhlükəsizlik sahəsində müxtəlif istiqamətlər üzrə ixtisaslaşacaqlar. Təlim proqramını uğurla başa vurmuş iştirakçılar “Technion” Universitetinin sertifikatını əldə edərək kibertəhlükəsizlik sahəsində mütəxəssisə çevriləcəklər.
Təlimlərdə iştirak etmək istəyən namizədlər https://cert.az/kibertehlukesizlik-telim-qeydiyyat.html keçidə daxil olaraq və onlayn müraciət formasını dolduraraq qeydiyyatdan keçə bilər. Qeydiyyat üçün son tarix 20 sentyabr 2022-ci ildir.
Qeyd edək ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi tərəfindən növbəti 3 il ərzində 1000-ə yaxın yerli mütəxəssis hazırlanacaq. Bununla yanaşı Mərkəzdə yerli təlimçilərin hazırlanması, mövcud mütəxəssislərin bilik və bacarıqlarının artırılması, eləcə də rəhbər şəxslər üçün təlimlərin təşkili nəzərdə tutulub.