Neft 2021-ci ilin dekabr qiymətinə düşdü
ABŞ-da bir həftə ərzində 3 bankın bağlanması neft bazarında qiymətlərin kəskin enişinə səbəb olub. Silvergate Bank, ABŞ-ın böyüklüyünə görə 16-cı iri bankı olan “Silicon Valley Bank” (SVB) və Nyu-Yorkun “Signature Bank”ın iflası bütün dünyada yeni maliyyə böhranının başlanğıcı kimi dəyərləndirilməkdədir.
Məlumat üçün bildirək ki, SVB-nin aktivlərinin həcmi 250 milyard dollara yaxın olub. 31 dekabr 2022-ci il tarixinə SVB-nin reallaşmamış zərəri 45 milyard dollar təşkil edib. Bu zərərin əsas hissəsi texnoloji şirkətlərin qiymətli kağızlarına qoyulmuş yatırımlardan yaranmışdı. Bu kağızlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırması nəticəsində dəyərsizləşmişdi. Daha sonra Bankın dövlət qiymətli kağızlarına yatırdığı irihəcmli vəsaitlər üzrə də zərər yarandı, müştərilər bunu eşidib pullarını geri çəkdilər və bank onların tələblərini ödəməyə likvid vəsait tapa bilməyərək iflas etdi.
“Signature Bank”ın aktivlərinin həcmi 110, milyard dollar, depozit portfeli 88,6 milyard dollar, kredit portfeli 62,2 milyard dollar idi. Bu bank da qiymətli kağızlara investisiya etmişdi.
Silvergate Bank 3,8 milyard dollarlıq aktivə malik kiçik bank olsa da, kriptoşirkətlərlə işlədiyinə görə onun bağlanması geniş rezonansa səbəb olub.
Dünya fond və səhm bazarları ABŞ bank sistemindəki problemlərə həssas reaksiya Verdi, indekslərdə ciddi dəyərsizləşmə müşahidə olundu.
Bunun ardınca xammal bazarları, ən çox isə neft bazarı qlobal maliyyə-bank böhranı ehtimalını ciddi qiymətləndirdi. Artıq 3 gündür dünya bazarında neftin qiyməti eniş yaşayır. Bu gün ABŞ Neft Neft İnstitutu(EIA) ötən həftə ölkədə neft ehtiyatlarının 1,6 milyon barel artdığını açıqladıqdan sonra neft bazarında ucuzlaşma sürətlənib.
Martın 15-də Bakı vaxtı ilə saat 20.00-də Londonun ICE birjasında Brent markalı neftin may fyuçersləri üzrə 1 barelin qiyməti 71.79 dollara, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin may fyuçersləri üzrə qiymət 66,08 dollara qədər düşüb. Sonrakı hərraclarda qiymətlər cüzi artaraq Brent üzrə 73.5 dollara, WTI üzrə isə 67,4 dollara çatıb...
Analitiklərə görə, neftin ucuzlaşmasının əsas səbəbi treyderlərin ABŞ-da indi yaşananları 2008-ci ilin maliyyə böhranı ilə müqayisə edərək, çoxsaylı bənzərliklər görməsindən irəli gəlir. Bu, onlarda bankların bağlanmasının ardınca maliyyə böhranının başlanacağı rəyini formalaşdırır.