Türkiyə turizm sahəsində 2023 hədəflərinə çata bilməyəcək
“Türkiyədə baş verən zəlzələ təəssüf ki, davamlı xarakter daşıyır. Miqyasını və əhatə etdiyi ərazinin böyüklüyünü də nəzərə alsaq, bunun ölkə turizminə təsirinin qaçılmaz olduğunu görərik”.
Bunu AFN.az- açıqlamasında turizm üzrə mütəxəssis, “Smart Hotel Management” şirkətinin direktoru Ceyhun Aşurov bildirib. Onun sözlərinə görə, Türkiyə hökumətinin qərarına əsasən bəzi hotellərin zəlzələdən zərərçəkən insanların yerləşdirilməsi üçün istifadəsinə qərar verilib: “Bu qərar xüsusilə Antalya bölgəsi üçün keçərlidir. Bu bölgədə 650 mindən artıq yataq sayı var. İldə 13 milyon turist qəbul edir. Bura Türkiyə üçün xüsusi əhəmiyyətə malik turizm bölgəsidir. Amma turizm mövsümünün başlanmasına hələ bir neçə ay qalıb. Bu müddətdə yəqin ki, Türkiyə toparlanacaq və hotelləri yenidən turistlərin istifadəsinə verəcək. Çünki turizm Türkiyə üçün vacib bir iqtisadi fəaliyyətdir. Ölkənin büdcəsi bu sahədən ciddi gəlir əldə edir. Təsəvvür edin ki, Türkiyə 2022-ci ildə dünyada turizm sahəsində pandemiyadan öncəki göstəricilərini üstələyən bir neçə ölkədən biridir. Qardaş ölkə ötən il 50 milyonun üzərində turist cəlb etməklə 46 milyard dollar gəlir əldə etdi. 2023 hədəfləri də vardı ki, 60 milyon turist cəlb etməklə 56 milyard qazancı hədəfləyirdilər. Amma yəqin ki, Türkiyə turizmçiləri bu il bu hədəfə nail ola bilməyəcək. Çünki insanların istirahət qərarlarına təhlükəsizliklə bağlı məsələlər ciddi təsir edir. Həm Azərbaycandan, həm də digər ölkələrdən rezervasiyalarda müəyyən fasilələr oldu. Təbii ki, qərarlarını dəyişənlər olacaq, amma bu say o qədər də çox deyil”.
Mütəxəssisin fikrincə, turizm sahəsindəki durğunluq bu il ümumiyyətlə bütün dünyada davam edəcək. Çünki turizmin bərpası hələ tam şəkildə yerinə yetirilməyib. Hazırda dünyada mövcud olan qeyri-sabit geopolitik durum, həm də getdikcə yüksələn pandemiya göstəriciləri bunu deməyə əsas verir.
FƏXRİYYƏ