Mövlud Çavuşoğlu: "İndi ən çox çadıra ehtiyacımız var"
"İndi ən çox çadıra ehtiyacımız var".
“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O, çadırların Türkiyəyə çatdırılması üçün çalışdıqlarını bildirib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 14 351 nəfər ölüb.