Adanada axtarış-xilasetmə işləri başa çatıb
Türkiyədə zəlzələdən zərərçəkmiş Adana şəhərində axtarış-xilasetmə işləri başa çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin kənd təsərrüfatı və meşə naziri Vahid Kirişçi tviterdə bildirib.
Nazirin sözlərinə görə, bölgədə dağıntılar altından ümumilikdə 34 vətəndaş çıxarılıb, 418 nəfər isə zəlzələnin qurbanı olub.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.