Açıq dənizdə 24 gün yeməksiz qaldı - FOTOLAR
Dominikanlı bir kişi 24 gün Karib dənizində yelkənli qayıqda qalıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu müddətdə o, yalnız ketçup yeyib. Xilasetmə əməliyyatını Kolumbiya Hərbi Dəniz Qüvvələri həyata keçirib. 47 yaşlı Elvis Fransua yelkənli qayıqda təmir işləri apararkən dənizə atıldığını deyib. Hadisə ötən ilin dekabrında Sent-Martin adasında baş verib.
“Naviqasiya haqqında heç bir məlumatı olmadığı üçün dənizdə itib. Onun gəmini və göyərtəsində olan avadanlığı işlətmək cəhdləri nəticəsiz qalıb”, – Kolumbiya Hərbi Dəniz Qüvvələri Twitter-də bildirib.
Dominikanlının dediyinə görə, qayıqda yediyi yeganə yemək bir şüşə ketçup, sarımsaq tozu və bulyon kubları olub. "Dənizdəki 24 günü keçmək üçün hamısını bir az su ilə qarışdırıb yedim" - deyə Elvis Fransua bildirib.
Dənizdə qaldığı günlərdə tez-tez onun yanından başqa gəmilər keçib. Onları dayandırmağa çalışsa da, nail ola bilməyib. Bir dəfə o, hətta atəş yandırıb, lakin heç kim görməyib. Elvis Fransuanı təyyarədən görüblər: “Mənim güzgüm var idi və günəşin əksi ilə siqnallar göndərməyə başladım. Onun iki dəfə üstümə keçdiyini görəndə anladım ki, məni görüblər”.
Ekipaj Kolumbiya Hərbi Dəniz Qüvvələrinə siqnal ötürüb və tezliklə onun köməyinə Kolumbiyalı hərbi gəmi gəlib. Dominikan qayığının gövdəsində “kömək” sözünün həkk olunduğu da qeyd edilir. Xilas edilən dominikanlıya lazımi tibbi yardım göstərilib və vətənə göndərilməsi üçün hazırlıqlara başlanıb.