Əkrəm İmamoğlu işində prokurordan etiraz: Cəzanın düzəldilməsi tələb olunub
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu seçki komissiyası üzvlərini təhqir etmək ittihamı ilə 2 il 7 ay 15 gün həbs cəzasına məhkum edildikdən sonra prokuror cəzanın 5 gün artıq hesablandığı üçün apellyasiya məhkəməsinə müraciət edib.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, prokuror apellyasiya məhkəməsinə verdiyi vəsatətdə hökmün dəyişdirilərək qüvvədə saxlanılmasını istəyib.
Qeyd edək ki, iş üzrə dekabrın 14-də qərar verilib. 7-ci Cəza Məhkəməsinin qərarı ilə Əkrəm İmamoğlu “dövlət məmurlarını təhqir etmək” ittihamı ilə 2 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Qərardan sonra Respublika Prokuroru İstanbul Anadolu Birinci İnstansiya Məhkəməsinə verdiyi vəsatətdə məhkəmənin qərarının proses və mahiyyət baxımından qanuna zidd olduğunu bildirib. Dövlət ittihamçısı tərəfindən verilən vəsatətdə qeyd edilir ki, müttəhim 5 sutka artıq həbs cəzasına məhkum edilib.
Prokuror qərarın prosessual və maddi baxımdan qanunsuz olduğunu bildirərək, düzəldilməsini və təsdiq edilməsini istəyib.