Rusiya yeni bazarlar axtarır - ŞƏRH
Rusiya Qərb sanksiyalarının təsirini azaltmaq üçün Asiya ölkələri ilə əlaqələrini genişləndirməyə və yeni bazarlar axtarmağa çalışır. Əsas bazar Çindir. Pandemiyadan sonra Çin-Rusiya sərhədində daşınmaların həcmi artıb. Rusiyanın baş naziri Mixail Mişustinin sözlərinə görə iki ölkə arasındakı ticarətin təxminən yarısı milli valyutalarla həyata keçirilir. Hər iki ölkə dollardan imtina etməyə çalışırlar.
AFN.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Rusiya Səudiyyə Ərəbistanından sonra Çinə ikinci neft ixraçatçısına çevrilib: "Moskva və Pekin siyasətdə olduğu kimi iqtisadiyyatda da çoxqütblü dünyanın formalaşdırılmasına çalışırlar. 2022-ci ilin 10 ayında iki ölkə arasında ticarətin həcmi 150 milyard dollara yaxınlaşıb. Bu ötənilki göstəricidən çoxdur. Hədəf ticarət mübadiləsinin həcmini 200 milyard dollara çatdırmaqdır. Rusiya və Çinin maliyyə institutları dolardan maksimum qədər imtina etməyə çalışırlar".
E.Şahinoğlu bildirib ki, Rusiya Çinlə ortaq enerji layihələrinin reallaşmasına da çalışır: "Mixail Mişustin Çinə yalnız neft və qazın ixraçı ilə kifayətlənmək istəmir, iki ölkə arasında böyük enerji layihələri üzrə çalışmaların başlanılması hədəfdədir. Rusiya Çində atom elektrik stansiyaların tikintisi ilə məşğuldur. Rusiya Çinə neft, qaz və kömürlə yanaşı elektrik nəqlini də artırıb. Bu sahədə 23 faiz artım var.
Rusiya Çinlə yük daşımalarının, o cümlədən yeni lojistik mərkəzlərin tikintisinin artırılmasını da istəyir. Amur çayı üzərində yeni körpülər, dəmir və avtomobil yolları tikilir. Mixail Mişustin Çin şirkətlərinin Rusiyada çalışmalarının miqyasını artırmaq üçün yeni imkanlar yaradacaqlarını bildirib. Misal üçün Rusiyanın Tula bölgəsində Çinin ildə 40 min avtomobil istehsal edən zavodu tikilib. İki ölkə arasında 80 yeni ortaq layihə üzərində iş gedir. Planlanan yatırımların həcmi 160 milyard dollardır".
Politoloqun sözlərinə görə, Çin rəhbərliyinin uzunmüddətli məqsədi ölkəni enerji bazasının resurs imkanlarını, sənaye metalını və ərzaq məhusllarını həcmini artırmaqdır: "Artan iqtisadiyyat və əhalinin tələbatı artıb. Ona görə də Çin bu sahələrdə Rusiya ilə əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verir. Çin liderinin keçən həftə Səudiyyə Ərəbistanına səfərinin və “Çin - ərəb ölkələri” sammitində iştirakı da bununla bağlıydı.
Rusiya Çinlə əməkdaşlığı genişləndirməyə çalışmaqla Qərbin təzyiqlərindən qurtarmağa çalışır. Ancaq Çindən asılılıq Rusiya üçün daha böyük təhlükə yaradacaq. Çin Rusiyaya yatırımlarını artırmaqla, Sibirdə yeni zavod və fabriklər yaratmaqla Moskva istər-istəməz Pekinin siyasi istəklərini də nəzərə alacaq".