“Olympus Park” tikinti şirkətinin bu layihəsi tam dayandırıldı - Müştərilər narazı qaldı


“Olympus Park” tikinti şirkətinin Xətai rayonundakı “Nobel layihəsi”nin tikintisi dayandırılıb.


Bu barədə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyi tərəfindən qərar verilib. Buna səbəb tikinti aparılan ərazidə olan "Lider" idman klubunun qanunsuz olaraq sökülməsidir.

“Olympus Park” tikinti şirkətinin Xətai rayonunda "Lider" idman klubunu sökməsi, yerində bina inşa etməsi ilə bağlı yaranan problemə görə cinayət işi açılıb, daha sonra cinayət işinə xitam verilib. Zərərçəkmişə 162 min manat ödənilməsi barədə qərar çıxarılsa da, klubun rəhbəri İlham Sərdarov bununla razılaşmır. O deyir ki, təkcə uçqunun altında qalan idman avadanlıqlarının qiyməti 162 min manatdan çoxdur.

Bu işlə bağlı son olaraq Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılan məhkəmə iclasında qərar qəbul olunub. Hakim Leyla Əliyevanın mövqeyi olduqca maraqlı olub. Çünki həmin ərazidə mənzillərin, obyektlərin və ödənilən kompensasiyanın dəyəri ilə bağlı rəsmi sənədlər ona təqdim edilib.

Elə sökülən idman klubuna bitişik sahənin söküntüsü ilə bağlı rəsmi sənəd də hakimə təqdim edilib. Vətəndaş Təranə Əfəndiyevanın 13 kvadratmerlik qeyri-yaşayış sahəsinin söküntüsü zamanı bu şirkət tərəfindən 60000 manat ödənilib. Bunu rəsmi alqı-satqı müqaviləsində də görmək olar. Bu isə 1 kvadrat metr üçün 4600 manatdan çox ödəniş deməkdir.

Zərərçəkmiş İlham Sərdarov deyir ki, qeyri-yaşayış sahəsinin tam məhv edilməsi nəticəsində dəymiş maddi zərərin əvəzi 267000 manat, əşya və avadanlıqların məhv edilməsi nəticəsində dəymiş ziyan 49865 manat, mənəvi zərərin əvəzi 5000 manat, cəmi 321865 manatın tutularaq ona verilməsi qət edilib: “Faktiki sahəsi 315.7 kv. metr olan qeyri-yaşayış sahəsi mülkiyyət hüquqi ilə mənə məxsusdur, dövlət reyestrindən çıxarışım var”.

Hakim Leyla Əliyevanın bu qərarından apelyasiya şikayəti verilib.

Xatırladaq ki, sonuncu məhkəmə iclaslarından birində “RS Construction” MMC-nin (“Olympus Park”) nümayəndəsi və vəkili Eynar Əliyev demişdi ki, bu məsələyə görə şirkətin borclanmaları yaranıb. İlham Sərdarovun məqsədi şirkətə külli miqdarda ziyan vurmaqdır. Vəkil tikintinin dayandırılması ilə şirkətin külli miqdarda borclarının yarandığını etiraf etmişdi.

Bildirək ki, layihənin təhvil verilməsi ləngidiyi üçün mənzil alan müştərilər arasında narazılıq yaranıb.

Musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu