“120 illik yaşı olan evimizi sökürlər” - FOTO
Bakıda “Olympus Park” tikinti şirkətinin daha bir yerdə müqavilə imzalamadan vətəndaşın evini sökdüyü bildirilir.
“Qafqazinfo”ya müraciət edən İnci Əmirova qeyd edib ki, anası Nərgiz Quliyevanın Nəsimi rayonu, Abay döngəsində yerləşən baba yurdu şirkət tərəfindən qanunsuz olaraq sökülüb.
Musiqili Komediya Teatrının qrim və rəssamlıq şöbəsinin müdiri olmuş Nərgiz Quliyevaya şirkət 275 kvadratmetr əvəzinə 80 kv ev təklif edib: “Digər sakinlər pulunu alıb köçüblər, anam orada tək yaşayır deyə istəyirlər məcburi şəkildə çıxarsınlar. Bu ev 1900-cü ildə tikilib, 275.4 kv metrdən ibarət dədə-baba mülküdür. 1992-ci ildə Bakı Şəhəri İcra Hakimiyyətinin qərarı ilə həmin ev qanuni sənədləşərək texniki pasportla qeydiyyata alınıb. İndi “Olympus Park” tikinti şirkəti anamın yaşadığı mülkün bir divarını uçurdaraq yerinə şifer qoyublar, evin digər divarını da ovublar. Evin içərisi isə demək olar ki, yararsız hala düşüb, otaqların divarları çat-çat olub, dağılmaq üzrədir. Evin yanına isə vaqon qoyublar. Ev demək olar ki, havada qalıb. Belə bir vəziyyətdə orada yaşamaq hər an təhlükəlidir”.
İ.Əmirova qeyd edir ki, şirkət onlara uyğun olan dəyəri versə, evdən çıxmağa hazırdırlar: “300 kv metrə yaxın bir mülkə dəyər əvəzi “Olympus” tikinti şirkəti 80 kv metr yer təklif edir. Bu, olduqca absurddur. Tikinti aparılan ərazidə sökülən hər hansı evin kvadratı nə qədərdirsə, tikinti şirkəti də vətəndaşa dəyəri qədər pul verməli, ya da sökülən evin kvadratı qədər mənzillə təmin etməlidir.
İnci Əmirova deyir ki, söküntü işləri dekabrın 9-da başlayıb: “Qonşuların evlərini sökəndə, bunu da qəsdən uçurublar ki, çıxıb getsin. Tək adamdı axı hara getsin? Nə xəbərdarlıq olunub, nə də müqavilə bağlanıb. Lazım olan məbləğ verilsə, evdən çıxmağa təbii ki, razıdır.
Məsələ ilə bağlı “Olympus Park” şirkətinə müraciət etsək də, açıqlama verməkdən imtina ediblər.
Qeyd edək ki, “Olympus Park” şirkəti Xətai rayonunda da onunla qiymətdə razılaşmayan “Lider” idman klubunu söküb, daha sonra isə bunu ekskovatorçunun səhvən etdiyini açıqlayıb.