Bakıda müəmmalı bina söküntüsü: Tikinti şirkəti ilə sakinlər arasında qalmaqal
Nəsimi rayonu Akademik Mirəsədulla Mirqasımov 4 ünvanında qalmaqal yaşanır.
Həmin ünvanda yaşayan sakinlər Qaynarinfo-ya bildirib ki, "İnvest M Construction” MMC ərazidə yeni yaşayış binası tikmək üçün qanunsuz söküntü işləri aparır.
"Heç bir sənəd təqdim etmədən gəlib ərazidə obyektləri sökürlər. Əllərində yalnız "JEK”in bildirişi var. Adi kağızda yazılıb. Nə Nəsimi rayon İcra Hakimiyyətinin, nə də başqa bir səlahiyyətli qurumdan hər hansı razılığı var. Digər tərəfdən, iş məhkəmədədir və biz dünən apellyasiya məhkəməsini udmuşuq”, deyə sakinlər bildirib.
Onların sözlərinə görə, şirkətin rəhbərliyi ilə dəfələrlə danışıqlar aparılıb. Lakin heç bir nəticəsi yoxdur. Şirkət hər vəchlə söküntü işlərini həyata keçirmək istəyir:
"Artıq bir neçə obyekti söküblər, bəzilərini yararsız hala salıblar. Bizə deyirdilər ki, yaşadığınız bina da söküləcək, əvəzində yeni hündürmərtəbəli bina tikiləcək. Artıq bir müddətdir ki, rahatlığımız yoxdur. Ərazidəki yaşıllığı da məhv edirlər”.
Sakinlər deyir ki, əgər bina sökülsə, tikinti şirkəti də öhədliyini yerinə yetirməsə, çox çətin vəziyyətdə qalacaqlar. Şikayətçilər onlara paylanan bildirişi də təqdim ediblər. Doğrudan da həmin bildiriş adlı kağız parçasında yazılıb.
"İnvest.M Construction” MMC-yə gəlincə, bu şirkət barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Hətta Dövlət Vergi Xidmətinin reyestr sənədlərində də şirkətin adına rast gəlinmir.