“Yaşayış olduğu halda binamızı sökürlər” - VİDEO


"Yasamal rayonunda yerləşən "Parktown Residence” şirkəti qanunsuz söküntü işi aparır. Yaşayış olduğu halda heç bir razılıq olmadan kran gətirib yerləşdirərək binanı dağıdırlar”.



Bu şikayətlə "Qafqazinfo”ya Yasamal rayonu Qırmızı Şərq küçəsi mənzil 11-də yaşayan Əhməd Hacıyev müraciət edib.

O bildirib ki, özündən başqa 5 ailə də buradakı vəziyyətdən şikayətçidir. Belə ki, artıq 3 ildir davam edən məsələ isə şirkətin qanunsuz söküntü işləri aparmasıdır: "Ailəmlə birlikdə 35 ildən çoxdur ki, bu üçotaqlı evimdə yaşayıram. İndi bu şirkət gəlib bizim yaşadığımız mənzili dağıdır. Normal təklifləri də yoxdur ki, razılaşaq. Biz evdən çıxmamışıq, müqavilə bağlamamışıq. Öz evimizdə rahat yaşaya bilmirik. Hər kran işləyəndə evdə bir çat əmələ gəlir. Gecə 6-dan sonra işləməyə icazə verilmir. Amma bu şirkət gecə 12-də də işləyir. Bunu sübut etmək də olmur.

Məsələ ilə bağlı FHN-ə müraciət olunub. Qurum əraziyə baxış keçirərək söküntü işlərinin aparılmaması ilə bağlı rəy verib. Hazırda Bakı Apellyasiya Məhkəməsində tikinti məsələsi üzrə məhkəmə işi icraatdadır. Bundan əvvəl isə "Parktown Residence” şirkəti məni və ailə üzvlərimi öz yaşadığım mənzildən qanunsuz şəkildə çıxartmaq üçün Yasamal Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə isə bizi öz yaşadığımız mənzildən çıxartmaq üçün qətnamə qəbul edib”.

Vətəndaş qətnamənin ləğv olunması üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib: "Məhkəmə işi daha dərindən və düzgün aparmır. Bizdən evin sənədlərini istəyir. Biz isə evimizi satmadığımızı və evdən çıxmaq istəmədiyimizi, qətnamənin ləğv olunmasını istəyirik.

Bundan başqa, şirkət bu il mayın 26-da üçotaqlı 98 kv.m, digəri isə birotaqlı 58 kv.m olan 2 ədəd tam təmirli mənzil və 1 ədəd yeraltı avtomobil dayanacağı, hər ay isə 700 manat kirayəhaqqı, eləcə də 500 manat birdəfəlik haqqı ödəməyi öhdələrinə götürmüşdülər. Lakin bugünkü gündə danışıqlar əsasında gördük ki, bizə və məhkəməyə yazılı şəkildə verdikləri təklifdən boyun qaçırırlar”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, FHN həmin ərazidəki binalarla bağlı hər hansı rəy verməyib.

Şikayətlə bağlı "Parktown Residence” ilə də əlaqə saxladıq. Şirkətdən bildirildi ki, vətəndaşların qanunsuz tikinti aparılması ilə bağlı iddiaları əsassızdır: "Həmin bu layihəyə görə üzərimizə qəzalı binaların köçürülməsi və onun yerləşdiyi yerdə çoxmərtəbəli bina inşa edib sakinlərin mənzillə təmin edilməsi vəzifəsi qoyulub. Bununla bağlı sərəncam da var, nişan da alınıb və binaların da bir qismi artıq tikilib. Lakin həmin bina boşaldılıb sakinlərlə müqavilə bağlanılsa da, hələ sökülməyib. Hazırda binada 3 sakin qalır. Onlarla bağlı məsələ məhkəmədədir. Birinci instansiya məhkəməsi hesab edib ki, onlar çıxarılmalı, biz onlara mənzil verməliyik. Lakin sakinlər bundan narazı qalaraq Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Sakinlər birotaqlı evdən çıxanda həmin mənzilə görə milyon almaq istəyir. Lakin nəzərə almaq lazımdır ki, ondan başqa burada 124 ev var. Hazırda evdən çıxan 121 ailə gözləyir ki, onlara nə vaxt ev veriləcək. Biz hər ay onlara 100 min manata yaxın kirayə pulu ödəyirik. Onlarla üzərimizə götürdüyümüz öhdəliyə görə 2 il ərzində binanı tikib təhvil verməliyik. Bu 3 nəfərə görə tikinti düz 3 ildir yubanır. Onlar məhkəməyə müraciət etmişdilər və məhkəmə qərar vermişdi ki, mübahisə həll olunana qədər tikinti aparılmasın. Hazırda məhkəmənin son qərarı ilə bu qadağa götürülüb, biz tikintimizi apara bilərik. Amma buna baxmayaraq, nə qədər ki, o 3 nəfər orada yaşayır, binaya heç kim dəyməyib. Bina yerindədir, sökülməyib. Bəzi köçən insanlar öz mənzilinin pəncərəsini, qapısını söküb aparır. Binada bizim tərəfimizdən söküntü işləri görülmür. Heç kəs deyə bilməz ki, biz oradan bir çöp sökmüşük”.

Şirkətdən, həmçinin bildirilib ki, bina söküləndən sonra hər mənzilin kv metri 20 faizə qədər artırılaraq sakinlərə mənzil veriləcək: "Biz bu problemə görə üzərimizə götürdüyümüz öhdəliyi yerinə yetirə bilmirik. Lakin biz onların hər birinə üçotaqlı təmirli mənzil və ayda da 700 manat kirayəhaqqı təklif etmişik. Həmin vətəndaşlar isə bizdən ayrıca 2 ədəd üçotaqlı mənzil tələb edir. Lakin bu halda bizim şirkət olaraq heç bir qazancımız olmur. Bu cür olsa, gərək mayamızı da onlara verib gedək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu