ABŞ və Qərb Ermənistana təzyiq edəcəkmi?


Dekabrın 9-da Brüsseldə keçirilməsi gözlənilən Azərbaycan-Ermənistan rəhbərlərinin görüşünun baş tutub-tutmayacağı sual altına düşüb.


AFN.az xatırladır ki, Avropa İttifaqının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutacaq görüş Ermənistan baş naziri Nikol Paşinyanın absurd tələbi üzündən təxirə salınıb. Belə ki, Paşinyan görüşdə Fransa prezidenti Makronun da iştirakını tələb edib. Əvəzində isə Azərbaycan Prezidenti İlham Əliyev görüşün ümumiyyətlə baş tutmayacağını bəyan edib. Siyasi şərhçilər Paşinyanın bu fikrə düşməsində Makronun və Rusiya prezidenti Putinin də təsirinin olduğunu deyirlər. Bildirilir ki, öz növbəsində Paşinyanın bu addımı istər Qərb dairələrini, istərsə də ABŞ-ı narahat etməyə bilməz. Bəs bu istiqamətdən Ermənistana hansısa təzyiqlər ola bilərmi?
Politoloq Elxan Şahinoğlu “Prime” TV-yə açıqlamasında bildirib ki, bu, həm Vaşinqtonun, həm də Brüsselin maraqlarına ziddir: “Azərbaycan Prezidenti qəti bəyan edib ki, Makron iştirak etsə, o görüş baş tutmayacaq. Burdan da belə çıxacaq ki, Brüsselin vasitəçiliyinin üzərindən xətt çəkilir. Bu isə Rusiyanın maraqlarına uyğundur. Rusiya çox çalışır ki, Avropa İttifaqını oyundankənar vəziyyətə salsın. Yaranmış bu vəziyyətin birmənalı günahkarı Paşinyan və Makrondur. Mənasız təşəbbüsləri ortaya atmaqla Avropa İttifaqının təşəbbüslərini heçə endirirlər. Əlbəttə, bu, Amerikanın da maraqlarına ziddir. Çünki Amerika istəmir ki, Rusiya təkbaşına vasitəçilik etsin. Ona görə də əslində gərək Paşinyana və Makrona təzyiq etsinlər ki, bu sərsəm tələblərdən əl çəkin”.
Edilə biləcək təsirlərə gəlincə, siyasətçinin sözlərinə görə, ABŞ-ın Fransaya elə bir təsir imkanları yoxdur: “Bu iki ölkənin özünün münasibətləri hamar deyil. Fransa illərdir Avropanın lideri olmağa, Amerikanı bu qitədən uzaqlaşdırmağa çalışır, ancaq bu, alınmır. Aralarında gərginlik var, ona görə də Paris Vaşinqtonu eşitməyəcək. Əslində Makron özünü də pis vəziyyətə salır, İlham Əliyevin etirazlarına baxmayaraq, özünü vasitəçi kimi ortaya dürtmək cəhdinin xeyri olmayacaq”.

FAMİL



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu