Təkcə Şuşaya 11 milyard manat... - Faktlar və rəqəmlər heyrətləndirir


“2014-2017-ci illərdə apardığımız araşdırmalar zamanı Şuşa rayonu üzrə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinə 11 279 640 000 manat məbləğində ziyan vurulduğunu müəyyən etdik”.


Bunu AFN.az-a açıqlamasında AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov deyib. Onun sözlərinə görə, 1822-ci ildə Şuşa xanlığı ləğv edildikdən sonra şəhərin tarix və mədəniyyət abidələrinin dağıntısı 3 mərhələdə həyata keçirilib: Çar Rusiyası dövründə yaşayış evləri, inzibati binalar, bazarlar sökülərək onların yerində kilsələr, təhsil müəssisələri inşa edilib; sovet dövründə şəhərin məhəllələri, karvansaralar ləğv edilib, şəhərdə yeni inzibati binalar və 3-5 mərtəbəli yaşayış evləri, istirahət və müalicə mərkəzləri, uşaqlar üçün yay düşərgələri inşa edilib; erməni işğalı dövründə şəhərin bütün infrastrukturu, tarix və mədəniyyət abidələri dağıdılıb.
Tarixçi-alim qeyd edib ki, Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə eyni zamanda Şuşa şəhərinin 8 noyabr 2020-ci ildə işğaldan azad olunmasına şərait yaradıb. Müharibədən dərhal sonra Şuşada tarix və mədəniyyət abidələrinin vəziyyətini yoxlamaq üçün monitorinq keçirilib: “Şuşa şəhərində 350 hektarlıq qoruq zonası, 870 m uzunluğunda qala divarları, 217 dövlət qeydiyyatında olan və 340 qeydiyyatda olmayan yaşayış evi, eləcə də 1 son tunc və ilk dəmir dövrünə aid daş qutulu qəbirlər olan arxeoloji abidə yararsız hala salınmış, 291 tarixi əhəmiyyətli yaşayış evi isə tamamilə dağıdılıb yox edilmişdi.
Monitorinq zamanı məlum oldu ki, Zülfüqar Hacıbəyovun, Ə.Haqverdiyevin, Y.V.Çəmənzəminlinin, Tarzən Sadıqcanın, Xanəndə Seyid Şuşinskinin, Qasım bəy Zakirin, Behbudovların, M.M.Nəvvabın, Bülbülün, F.B.Köçərlinin, Keçəçi oğlu Məhəmmədin, Gəray Əsədovun, S.S.Axundovun, C.Qaryağdıoğlunun, Hüsü Hacıyevin, N.B.Vəzirovun evləri erməni işğalı dövrü öz formalarını qoruyub saxlasa da, istifadəyə tam yararsız hala salınıb.
Pənah xanın sarayı, Əsəd bəyin evi, İbrahim xanın qəsri, Natəvanın evi, Uğurlu bəyin evi, Xan sarayı, Firudin bəyin evi, Hüseyn bəyin evi, Aslan Qaraşarovun evi, Məşədi İbrahimin yaşayış evi, Məşədi Novruzun evi, Həsən ağanın evi, Mamay bəyin evi, Məşədi Teymurun evi, Xəlil Məmmədovun evi, Hacı Məmmədin evi, Bəhmən Mirzənin və digər tanınmış şəxslərin evləri yararsız hala salınıb, bir qism evlər isə tamamilə sökülüb dağıdılaraq yerlərində müasir binalar tikilib.
Həmçinin Şuşada erməni işğalı dövründə Şuşa Dövlət Qarabağ Tarixi Muzeyi dağıdılaraq oradan 500 eksponat, Şuşa şəhərinin tarixi muzeyi dağıdılaraq oradan 5000 eksponat, Üzeyir Hacıbəyovun ev muzeyi dağıdılaraq oradan 300 eksponat, Bülbülün xatirə muzeyi dağıdılaraq oradan 369 eksponat, Mir Möhsün Nəvvabın xatirə muzeyi dağıdılaraq oradan 100 eksponat, Azərbaycan Xalçası Dövlət Muzeyinin Şuşa filialı dağıdılaraq oradan 163 eksponat, Qarabağ Ədəbiyyat Muzeyi dağıdılaraq oradan 1000 eksponat, Dövlət Rəsm Qalеrеyası dağıdılaraq oradan 90 eksponat ermənilər tərəfindən götürülərək naməlum istiqamətə aparılıb.



Şuşa şəhərinin qoruq ərazisində 17 məhəllə məscidi, 17 bulaq və 17 hamam mövcud olub. Gövhər ağa məscidi (Aşağı), Yuxarı Gövhərağa məscidi, Saatlı məscidi, Mamay məscidi, Mərdinli məscidi, Çöl Qala məscidi, Təzə məhəllə məscidi öz mövcudluqlarını qoruyub saxlasalar da bərpaya ciddi ehtiyacları var.
Qurdlar məhəllə məscidi, Seyidli məhəllə məscidi, Culfalar məhəllə məscidi, Quyuluq məhəllə məscidi, Çuxur məhəllə məscidi, Dördlər Qurdu məhəllə məscidi, Hacı Yusifli məhəllə məscidi, Dörd Çinar məhəllə məscidi, Köçərli məhəllə məscidi, Xoca Mərcanlı məhəllə məscidi, Dəmirçi məhəllə məscidi, Hamam Qabağı məhəllə məscidi tamamilə sökülərək yox edilib”.
Faiq İsmayılov onu da bildirib ki, Şuşada 6 karvansara, 2 qəsr mövcud olub. Karvansaralardan cəmi 3-ü öz mövcudluğunu qoruyub saxlamış olsa da, ciddi müdaxilələrə, yəni tikinti quruluşlarında kobud dəyişikliyə məruz qalıb. Digər karvansaralar sökülərək yerlərində müasir binalar tikilib. 2 qəsr vəhşicəsinə dağıdılıb, yalnız bəzi qalıqları qalıb. Şəhərin 1203 metr daş döşənmiş küçələri sökülüb.
“Şuşa hamamlarından yalnız XVIII əsrdə inşa edilən şirin su hamamı öz mövcudluğunu qoruyub saxlaya bilib. Orginal görkəmini saxlayan bu hamam gələcəkdə bərpadan sonra turistlərin ziyarət edəcəkləri mühüm obyektlərdən biri olacaq. Digər hamamlar erməni vandalizminə uğrayaraq Şuşanın xəritəsindən silinib”, - deyə tarixçi-alim diqqətə çatdırıb.

Fəxriyyə ABDULLAYEVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu