Ermənistanın saqqızı suya düşdü...
Son hadisələr, xüsusilə KTMT-nin İrəvandakı toplantısında Ermənistanın, daha doğrusu Paşinyanın düşdüyü vəziyyət düşmən dövlətin vəziyyətinin heç də yaxşı olmadığını deməyə əsas verir. Ölkə bir tərəfdən Rusiyadan asılılıqdan qurtarmaq istəyir, Putinə qarşı aksiyalar keçirilir, digər tərəfdən isə Rusiyadan asılılıqdan əziyyət çəkir - ərazisində bu dövlətin hərbi bazası var, sərhədlərini rus hərbçiləri qoruyur. Bir tərəfdən Qərbə yaxınlaşmaq istəyirlər, bir tərəfdən sadəcə quru bəyanatlarla üzləşirlər. Soçi görüşündən sonra Ermənistanın Rusiyaya meyllənməsi də öz növbəsində nəinki vəziyyəti onların xeyrinə pisləşdirdi, üstəlik, Azərbaycan-ABŞ münasibətlərində yaxınlığa səbəb oldu.
Bütün bunların qarşılığında Ermənistan sadəcə Azərbaycanla deyil, həmçinin Türkiyə ilə də münasibətlərini normallaşdırmalıdır ki, vəziyyətdən çıxa bilsin. Lakin təəssüflər olsun ki, Ermənistan siyasətçiləri və ictimaiyyəti bunu anlamaqda çətinlik çəkirlər. Hətta əvvəllər bir qədər loyal görünən Paşinyan da aqressivləşib. Bir yandan İranla Azərbaycanın münasibətlərinin soyuması, digər tərəfdən Rusiya ilə müəyyən sualların ortaya çıxması Paşinyana bir növ ürək-dirək verib. Ermənistan lideri öz aləmində düşünür ki, bu vəziyyətdən öz məqsədləri üçün istifadə etsin. Yəni sülh prosesini sonraya da saxlamaq olar, tələblər irəli sürmək olar. Amma bunu nahaq edir. Çünki Ermənistan yenə bizimlə üz-üzə qalacaq. Biz tələsmirik, ciddi problemlərimiz yoxdur. Strateji yüksəkliklər nəzarətimizdədir və s. Müşahidələr göstərir ki, Paşinyan əvvəllər tələsirdi sülh sazişi üçün, lakin Azərbaycanın İranla, Rusiya ilə münasibətlərində sual işarəsi yarananda o da arxayınlaşdı. Bu isə Ermənistanın əleyhinə işləyir. Bölgədə toqquşma ehtimalı getdikcə artacaq, amma bunu artıq hamı bilir ki, belə bir situasiyanın yaranması Ermənistanın lehinə deyil. Artıq sentyabr əməliyyatları bu barədə olan şübhələri yerli-dibli yox etdi. Cəmi iki günlük toqquşmada Azərbaycan özü üçün vacib olan bir neçə yüksəkliyi, mövqeni götürdü və möhkəmləndi. Yenidən uzunmüddətli toqquşma olarsa, Ermənistan üçün daha ağır nəticələrin olacağı sirr deyil.
Bu arada təbii ki, Azərbaycanla Ermənistan arasında sülh heç də bu iki ölkənin özündən asılı deyil. Buna mane olan qüvvələr var. Məsələn, Rusiya bu prosesdə qətiyyən tələsmir. Hətta müəyyən təxribatlar yolu ilə prosesi gecikdirməyə də çəkinmir. Düzdür, Rusiya Azərbaycanla Ermənistan arasında müharibədə də maraqlı deyil. Lakin münaqişənin birdəfəlik həll olunmaması, uzanması sırf bu dövlətin maraqlarına xidmət edir. Rusiya rəhbərliyi istəyir ki, hərbçiləri regionda, Qarabağda uzun müddət qalsın və iki ölkə tam barışmasın, münaqişə olsun, münaqişə vasitəsilə ölkələrə təsir edə bilsin. Bu, Rusiyanın çoxdankı siyasətidir. Təxribat təxribat ardınca baş verir. Ruben Vardanyanı Qarabağa göndərdilər, separatçılar yenə silahlandırılır, yollara yenə minalar döşənir, tikinti işləri gedir. Qarabağda az sayda rusun olmasına baxmayaraq, rus icması yaradılır. Hamısı Azərbaycan əleyhinə təxribatlardır. Sözdə guya bizlə tərəfdaşdır, 44 maddəlik bəyanat da imzalayıb, amma siyasət tamam başqadır. Demək, biz də öz dişlərimizi göstərməliyik Rusiyaya və deməliyik ki, 3 ildən sonra siz Qarabağı tərk etməlisiz. İlham Əliyevin bu günlərdə oxşar bəyanatı oldu, ermənilər rus sülhməramlılarına arxayın oldu, 2025-ci ildə onların vaxtı bitir. Düzdür, onları Qarabağdan çıxarmaq asan olmayacaq. Əlbəttə, biz tələbimizi ortaya qoymalıyıq. Biz hər bir halda bilməliyik ki, Rusiya dostumuz deyil. Ermənistan kimi, Rusiya da, İran da bizim düşmənimizdir.
FAMİL