Ankara Ermənistanla münasibətləri normallaşdırmağa tələsməyəcək - ŞƏRH


Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət olunması Ermənistanda müəyyən fikirlərin yaranmasına səbəb olub.


Ermənistan müxalifəti bu dəvəti və Paşinyanın mərasimdə iştirakını tənqid etsə də, ölkə rəsmiləri daha müsbət əhval-ruhiyyədədirlər. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə iki ölkə arasında münasibətlərin normallaşması prosesində ilkin şərt irəli sürmədiyi fikrini səsləndirib. Görünən odur ki, Ermənistanın siyasi hakimiyyəti Paşinyanın Ərdoğanın andiçmə mərasiminə dəvətini loru dillə desək, başqa cür yozublar.
AFN.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Mirzoyanın açıqlamasını şərh edib. O bildirib ki, deyəsən erməni rəsmilər baş nazir Nikol Paşinyanın Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə dəvət edilməsindən həvəsləniblər: "Halbuki, türkiyəli siyas xadimləri və diplomatları öldürən "Nemezis" terrorçu təşkilatına İrəvanın mərkəzində abidə qoyulmasından sonra Türkiyə Ermənistan təyyarələrinin hava sahəsindən uçuşuna qadağa qoydu və bunun səbəbini keçmiş xarici işlər naziri Mövlüd Çavuşoğlu aydın izah edərək bildirdi ki, Ermənistan hakimiyyəti bir tərəfdən Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir, digər tərəfdən terrorçulara abidə qoyur. Yeni xarici işlər naziri Hakan Fidanın Ermənistan siyasətində Mövlud Çavuşoğludan fərqli siyasət yürüdəcəyini zənn etmirəm. Ərdoğan Çavuşoğluna Ermənistanla bağlı hansı təlimatı vermişdisə, Fidana da eyni təlimatı verəcək. Ankara Ermənistanla münasibətləri normallaşdırmağa tələsməyəcək".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu