Tofiq Yaqublunun ölkədən çıxışına icazə verilmədi
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun ölkədən çıxışı ilə bağlı məhkəməyə etdiyi müraciət təmin olunmayıb.
Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
Belə ki, T.Yaqublu atasının yas mərasimində iştirak etmək üçün ölkədən çıxışına qoyulmuş qadağanın müvəqqəti götürülməsi ilə bağlı Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Ərizəyə hakim Anar İbrahimov tərəfindən baxılıb. Ərizə təmin edilməyib və məhdudiyyət qüvvədə saxlanılıb.
Qeyd edək ki, Tofiq Yaqublunun ölkədən çıxışına 2020-ci ilin martında “stop” qoyulub. Onun atası ötən ay Gürcüstanda yaşadığı evdə vəfat edib.
Xatırladaq ki, ötən il də T.Yaqublunun anası vəfat etdiyi üçün bənzər müraciəti təmin olunmamışdı.