Münaqişənin başa çatması İrana da təsirsiz ötüşməyəcək - Politoloq
Hazırda sərhəddə təxribatlar sona çatsa da, bundan sonra eyni təxribatların törədilməyəcəyi anlamını daşımır. Çünki söhbət erməni kimliyi, erməni xislətindən gedir. Amma ortada bir sual var: bu təxribatların arxasında kim və nə dayanır?
Bunu AFN.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib. O, bildirib ki, 44 günlük savaşda məğlub edilən, ordusu param-parça olan bir dövlətin yenidən bu cür təxribatlara əl atması səbəbsiz deyil: "Arxalarında təkcə özlərinin yox, ayrı-ayrı güclərin də dayandığına şübhə yoxdur. Çox təssüflər olsun ki, regionda gözü olan güclərin də maraqları üst-üstə düşür. Son hadisələr də bunun əyani sübutudur. Bu gün sərhəddə baş verənlər Ermənistanın özünə sülh prossesini ləngitmək üçün sərf edirsə, eyni zamanda şimal qonşumuzun da maraqlarına cavab verir. Çünki Rusiya indiki dönəmdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Sülh sazişi imzalanacağı təqdirdə Rusiyanın Cənubi Qafqazdaki nüfuzunu zəiflədəcək anlamına gəlir. Başqa sözlə desək, sülh sazişinin imzalanması həm Azərbaycandakı Rusiya sülhməramlılarının, həm də ki, Ermənistandakı rus hərbi bazasının çıxarılmasına səbəb ola bilər. Baş verənlər ABŞ-a da böyük mənada sərf edir. Çünki ABŞ faktiki olaraq regionda Rusiya üçün ikinci cəbhənin açılmasında maraqlıdır. ABŞ düşünür ki, əgər Azərbaycan-Ermənistan arasında gərginlik şiddətlənərsə, Rusiya Ermənistana həm KTMT çərçivəsində, həm də ikitərəfli müqavilə çərçivəsində dəstək olarsa, Rusiya-Türkiyə qarşı-qarşıya gələ bilər. Ümumiyyətlə, Rusiya üçün ikinci cəbhənin açılması ABŞ-ın marağında olan məsələdir. Əgər Rusiya proseslərə qoşulmasa, bitərəfliyini qoruyub saxlasa, yenə də ABŞ-ın maraqlarına cavab verir. Bu halda da ABŞ Ermənistan cəmiyyətində antirusiya meyillərinin güclənməsinə səbəb olacaq. Artıq biz bunun şahidiyik. KTMT qoşunları Ermənistana getməsindən imtina etdiyi andan etibarən Ermənistanda antirusiya kampaniyasına start verilib. Onların ictimai rəyində də belə bir fikir formalaşıb ki, güvəndiyiniz Rusiya belə sizi müdafiə etmək üçün gəlmədi. Fransanın da maraqları az deyil. Fransa hesab edir ki, münaqişənin gərginləşməsinə səbəb rus sülhməramlılarının, rus hərbi bazasının zəifliyi, öz missiyasını yerinə yetirməməsidir. Fransanın qoşunlarının sülhməramlı missiya altında Ermənistana yerləşməsi bu ölkənin niyyətidir".
Politoloqun sözlərinə görə, müsəlman ölkəsi,cənub qonşumuz İran İslam Respublikasıda erməni mövqeyini açıq aşkar göstərir. Onlar sərhədlərin dəyişdirilməsinin əleyhinə fikirlər səsləndirsələr də, məqsədləri tamamilə Ermənistana xidmət edir. İran eyni zamanda Ermənistan vasitəsilə narkotrafik biznesini inkişaf etdirmək istəyir. Münaqişənin başa çatması İrana da təsirsiz ötüşməyəcək. Milli Azadlıq Hərəkatı baş verəcək. İran bütün bunları dərk edir və çox yaxşı anlayır".