Rusiya regionda söz sahibi olduğunu "klassik" üsulla xatırladır


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlaması son günlər Qarabağda baş verən təxribatların gerçək səbəblərini müəyyən etməyə imkan verir. Daha doğrusu, bu təxribatın arxasında elə Rusiyanın özünün dayanması barədə arqumentlərə əsas yaradır.


Lakin Mariya Zaxarova Azərbaycanla Ermənistan arasında sülhə təhlükə kimi Qərbi gördüyünü bəyan edib. Diplomatın irəli sürdüyü fikirlər regionda Rusiya-Qərb qarşıdurmasının artmasından xəbər verir. Danışıqlar prosesində hər hansı irəliləyişin əldə olunmaması, Qarabağda və sərhəddə hərbi təxribatların davamlı hal alması məhz bu geosiyasi rəqabətin nəticəsidir. "Rusiya ABŞ və Aİ vasitəçiliyini Ermənistan və Azərbaycan arasında sülh prosesinə əlavə təhlükə kimi görür" - Mariya Zaxarova belə deyib. Onun sözlərinə görə, Qərb yalnız sülh prosesinə girmək və Rusiyanın nailiyyətlərini mənimsəmək istəyir.
“Biz daim Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Bakı və İrəvan arasında münasibətlərin nizamlanması üçün yol xəritəsini müəyyən edən üçtərəfli razılaşmalara əsaslanmağa çağırırıq" - deyən Zaxarova bildirib ki, Qərbin məqsədi Cənubi Qafqazda sülh və təhlükəsizliyə mane olmaqda, destkruktiv mövqe tutmaqda ittiham edib.
Rusiyalı diplomatın sözlərindən son zamanlar ABŞ-ın və Avropa İttifaqının vasitəçilik səylərindən Moskvanın narahatlığı açıq müşahidə olunur. Yəni Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin ABŞ-ın Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə görüşməsi, martın 7-8-də Dövlət Departameninin Qafqazda danışıqlar üzrə xüsusi səfiri Lui Bonunun Bakıya və İrəvana səfərləri, yaxın vaxtlarda isə Brüssel formatı çərçivəsində danışıqların yenidən keçirləcəyi barədə məlumat, görünür, Rusiyada siyasi emosiyaları oyadıb. Çünki Qərbin siyasi aktivliyi fonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Rusiyanın vasitəçiliyi ilə müzakirələr aparmaq üçün Azərbaycana səfəri və Ermənistanın xarici işlər naziri Arart Mirzoyanla Hindistanda görüşü hələ nəticə vermir.
Hazırda süllh sazişi üzrə mətnin mövcud olmamasına baxmayaraq, həm Azərbaycan, həm də Ermənistan Qərbin vasitəçiliyinə daha çox üstünlük verir. Ona görə də Rusiya regionda söz sahibi olduğunu həm Qərbə, həm də Azərbaycana və Ermənistana xatırlatmaq üçün "klassik" üsuldan istifadə etmək qərarına gəlib. Qarabağda hərbi təxribat törədildikdən sonra Ermənistan ordusu Azərbaycanın mövqelərini atəşə tutur. Bununla da Rusiya bölgədə süni gərginlik yaratmaq və barışdırıcı missiya ilə yenidən siyasi dövriyyəyə daxil olmaq istəyir. Həmin təxribatlar eyni zamanda, Azərbaycan nümayəndələri ilə Qarabadakı erməni icması arasında başlanmış təmasları pozmağa hesablanıb. Artıq Rusiyanın bu məqsədə çatdığını söyləmək olar. Kəlbəcər rayonu istiqamətində Azərbaycan-Ermənistan sərhədində atəşkəsin pozulmasına gəlincə, bu təxribat əsasən bölgədə mülki missiya yerləşdirən Avropa İttifaqına ünvanlanıb.
Mariya Zaxarova ABŞ-ı və Avropa İttifaqını Rusiyanın nailiyyətlərini mənimsəməkdə ittiham etməklə əslində, həm regiona nəzarətin, həm də Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinin Moskvanın inhisarında olduğu mesajını verir. Ancaq Rusiya hazırda diplomatik müstəvidə fəallığını itirib və qarışıqlıq yaratmaqla diqqəti özünə çəkməyə çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu