Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı qaydası təsdiqləndi
Transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı Qaydası təsdiqlənib.
AFN.az xəbər verir ki, bnunla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərar transplantasiya məqsədilə donor orqanların idxalına və ixracına icazə alınması üçün müraciət edilməsi, müraciətlərə baxılma qaydasını, idxala və ixraca dövlət nəzarətinin həyata keçirilməsi məsələlərini tənzimləyir, donor orqanların idxalına və ixracına xüsusi icazə verilməsi barədə qərar formalarını müəyyən edir.
Donor orqanların transplantasiya məqsədilə idxalına və ixracına icazə alınması üçün siyahısı Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə müəyyən edilmiş tibb müəssisələri həmin donor orqanlar gömrük ərazisinə gətirilməzdən və ya bu ərazidən aparılmazdan əvvəl bu Qərarın 1 və 2 nömrəli əlavələrində göstərilmiş formada ərizə ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Orqan Donorluğu və Transplantasiya üzrə Koordinasiya Mərkəzi publik hüquqi şəxsə müraciət edirlər. Donor orqanların transplantasiya məqsədilə idxalına icazə alınması üçün ərizəyə müvafiq sənədlər əlavə edilir.
Ərizənin qeydiyyata alındığı gündən 7 (yeddi) iş günü müddətində Koordinasiya Mərkəzi tərəfindən sənədlərə baxılır və bu Qərarın 3 və 4 nömrəli əlavələrində göstərilmiş formada transplantasiya məqsədilə donor orqanların idxalına və ya ixracına icazənin verilməsi barədə və ya bundan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edilir.
Donor orqanların idxalına və ya ixracına icazənin verilməsi barədə qərar qəbul edildiyi tarixdən 2 (iki) iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.
Koordinasiya Mərkəzi tərəfindən transplantasiya məqsədilə donor orqanların idxalına və ixracına icazə verilməsi barədə qərar “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nda “Transplantasiya işi üzrə koordinasiya və monitorinq” altsisteminə daxil edilir və dərhal bu barədə məlumat elektron qaydada gömrük orqanına ötürülür.