İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artıb
İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı xəstəxanaların siyahısı genişlənib.
AFN.az xəbər verir ki, bunu agentliyin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
O qeyd edib ki, hazırda müqaviləli tibb müəssisələrinin sayı 69-a çatıb: "Müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq artır".
Xatırladaq ki, vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.