“7 aya yaxın deputatlarla bu binada oturdum, bir nəfər gəlib maraqlanmadı...”
“Bu qanunun Konstitusiyaya zidd olduğunu deyənlər var. Bu qanun Prezidentin imzası ilə gəlib”.
AFN.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ələt Azad İqtisadi Zonasının İdarə heyətinin sədri Valeh Ələsgərov deyib.
V. Ələsgərov qeyd edib, bir il bu qanunun üzərində işlənilib: “Azərbaycanda xarici şirkətlər üçün şərait yaratmaq bizim məqsədimizdir. Məqsəd Azərbaycan iqtisadiyyatını güclü iqtisadiyyata çevirməkdir. “Ələt Azad İqtisadi Zonası haqqında” Qanunun hazırlanmasında Prezident Administrasiyasının müvafiq şöbələri, nazirliklər iştirak edib. Prezidentin imzası, Administrasiyanın müvafiq şöbələri, nazirliklər, komitələrdən keçəndən sonra bu qanunun Konstitusiyaya uyğun olmadığını söyləmək düzgün deyil. Mən 7 aya yaxın deputatlarla bu binada oturdum. Bir nəfər olsun gəlib işlərin necə getdiyi ilə, niyə burda oturmağımızla maraqlanmadı. Buna görə də xahiş edirəm imkan varsa, gəlin yerində bütün məsələlərə baxın”.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev “Ələt Azad İqtisadi Zonası” haqqında Qanun qəbul ediləndə də dediyi kimi burada Konstitusiyaya zidd müddəalar olduğunu bildirib: “Bizim qanunlarımız Konstitusiyaya zidd olmamalıdır. Prezident İlham Əliyev də VI çağırış Milli Məclisin açılış nitqində demişdi ki, Milli Məclisdən daha keyfiyyətli qanunlar gözləyir”.