Sərxoş halda uşağın ölümünə səbəb olan sürücüyə hökm oxundu
Ötən ilin 9 oktyabrında Ağdaşda azyaşlının ölümü ilə nəticələnən yol qəzasını törətmiş sürücüyə hökm oxunub.
Hadisə rayonun Yuxarı Nemətabad kəndində qeydə alınıb. Rayonun Qaradağlı kənd sakini, 27 yaşlı Akşin Allahverdiyev kənd ərazisində “Vaz” markalı avtomobillə 9 yaşlı Yusif Əbilovu vurub. Sürücü dərhal avtomobillə hadisə yerindən uzaqlaşıb. Yaralı uşaq əvvəlcə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğu üçün o, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına göndərilib və orada vəfat edib.
Hadisədən bir qədər sonra saxlanılan sürücü Akşin Allahverdiyevin maşını sərxoş halda idarə etməsi məlum olub.
Mərhum azyaşlının atası məhkəmədə bildirib ki, hadisənin baş verdiyi gün oğlu Yusif, qızı və həyat yolaşı ilə birgə anasıgilə getmək qərarına gəlib: “Yolda qardaşımın ailəsi ilə bizə qonaq gəldiyini gördüm, həyat yoldaşımı və övladlarımı maşından düşürərək onlarla evə yola saldım. Özüm təkcə anamgilə getdim. Bir qədər sonra mənə zəng edib dedilər ki, Yusifi maşın vurub”.
Sürücü A.Allahverdiyev Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, ölümlə nəticələndikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il müddətinə sürücülük hüququndan məhrum edilməklə ona 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.