Nərmin Quliyevanın sinif yoldaşı məhkəmədə ifadə verib


Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.


Hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində Nərmin Quliyevanın sinif yoldaşı və əmisi oğlu olan Ayxan Quliyev ifadə verib. O bildirib ki, sonuncu dəfə Nərmini evlərində görüb.

"Əmim oğlu Qorxmazla bir yerdə idik. Nərmin gödəkcəni götürməyə gəlmişdi. O, evdə olanda həyətə çıxdım. Sadəcə çöl qapının səsindən bildim ki, Nərmin çıxıb getdi. Sonra isə onun itkin düşdüyünü eşitdim", - deyə A.Quliyev bildirib.

Təqsirləndirilən şəxsin müdafiəçiləri məhkəmənin gec başlaması və zamanın az qalması səbəbindən bugünkü məhkəmə prosesinin saxlanılmasını və A.Quliyevin ifadəsinin növbəti məhkəmə prosesində davam etdirilməsini istəyib.

Hakimin qərarı ilə növbəti məhkəmə fevralın 9-da saat 10:30-a təyin olunub.

Qeyd edək ki, bu gün saat 16-da keçirilməsi nəzərdə tutulan məhkəmə hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən başqa bir məhkəmənin gec yekunlaşması səbəbindən vaxtında başlamayıb.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu