Dünya Bankının Azərbaycanda ofisləri yaradılır
Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 18-də Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerdenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə gələn il Azərbaycan ilə Dünya Bankı arasında tərəfdaşlığın qurulmasının 30 illiyinin qeyd olunacağı bildirilərək ötən müddət ərzində müxtəlif istiqamətlərdə birgə uğurlu layihələrin həyata keçirildiyi bildirilib.
Baş nazir Ə.Əsədov Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıqdan məmnun olduğunu və əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Anna Byerden bildirib ki, ötən illər ərzində Azərbaycan aşağı gəlirli ölkədən yüksək gəlirli donor ölkəyə çevrilib. O, habelə Azərbaycanda peyvəndlənmənin yaxşı səviyyəyə malik olduğunu qeyd edərək bu sahədə fəaliyyətin uğurlu olduğunu deyib. A.Byerden 2021-ci ildə Azərbaycan iqtisadiyyatında artımın müşahidə olunmasının da yaxşı göstərici olduğunu vurğulayıb.
Görüşdə Dünya Bankının hazırlanmaqda olan Azərbaycana dair yeni Ölkə Tərəfdaşlıq Çərçivə sənədi, Bankın Azərbaycanın “2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın həyata keçirilməsində və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı, Dünya Bankının və onun strukturuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanın özəl sektoru ilə əməkdaşlığının genişləndirilməsi, həmçinin Bank ilə ölkəmiz arasında kənd təsərrüfatı, rəqəmsal inkişaf, bərpa olunan enerji mənbələri və bir çox digər sahələrdə tərəfdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
Sonda Azərbaycanda ofislərin qurulması və fəaliyyətinə dair Azərbaycan və Dünya Bankı Qrupu Təşkilatları arasında yeni Saziş imzalanıb. Sazişi Azərbaycanın maliyyə naziri Samir Şərifov və Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Anna Byerde imzaladılar.