Dünya Bankı Azərbaycana 54 layihə üzrə kredit ayırıb




Dünya Bankı tərəfindən Azərbaycana 54 layihə üzrə kredit ayrılıb.



Bunlardan 48-si başa çatdırılıb, daha 6 layihə üzrə işlər isə davam etdirilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Dünya Bankının Cənubi Qafqaz üzrə səlahiyyət müddəti başa çatmış regional direktoru xanım Mersi Tembon və bankın Cənubi Qafqaz üzrə yeni regional direktoru Sebastian Molenösla görüşündə deyib.

Görüşdə M.Tembonla çox səmərəli əməkdaşlıq edildiyini vurğulayan İqtisadiyyat naziri ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru S.Molenösu yeni təyinatı münasibətilə təbrik edən nazir gələcək qarşılıqlı əməkdaşlığın uğurlu olacağına əminliyini vurğulayıb.

Ş.Mustafayev bildirib ki, Azərbaycan Dünya Bankı ilə əməkdaşlığa böyük önəm verir, bankın ölkəmizə göstərdiyi texniki yardım və maliyyə dəstəyi yüksək qiymətləndirilir: “Azərbaycanın Dünya Bankı ilə sıx əməkdaşlıq edir. Layihələrdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi əhəmiyyətlidir. Ümumilikdə, Dünya Bankı tərəfindən Azərbaycana 54 layihə üzrə kredit ayrılıb. Bunlardan 48 layihə başa çatdırılıb, daha 6 layihə üzrə işlər isə davam etdirilir”.

Qeyd edilib ki, Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir. Bankla bir sıra layihələr, o cümlədən "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunaraq Dünya Bankının mükafatına layiq görülub.

Nazir Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, özəl bölmənin inkişafı, ixracın genişləndirilməsi, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb və 10 ən islahatçı ölkə sırasına daxil edilib.

Görüşdə Dünya Bankı ilə gələcək əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb.

M.Tembon səmərəli əməkdaşlığa görə təşəkkürünü və Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu bildirib. Vurğulanıb ki, əməkdaşlıq müddətində Azərbaycan çox dəyişib və inkişaf edib. Azərbaycanın "Doing Business" hesabatında davamlı olaraq irəliləməsi sevindiricidir və əldə olunan nailiyyətlər yüksək qiymətləndirilir.

S.Molenös isə biznes mühiti, innovasiyalar, sahibkarlığın inkişafı kimi sahələrdə malik olduğu təcrübəni bölüşməyə hazır olduğunu, Azərbaycanda aparılan iqtisadi islahatların Bank tərəfindən dəstəkləndiyini vurğulayıb.

Görüşdə bir sıra sahələr üzrə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu