Osman Gündüz nazir müavininin açıqlamasını tənqid etdi
Bir çox sahədə dövlət rüsumlarının artırılması ilə bağlı hökumətin parlamentə verdiyi təkliflər son günlər müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri və ictimai şəxslər bunun əsaslandırılmasını istəyiblər. Rüsumların artırılması ilə bağlı açıqlama verən maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, səbəblərdən biri də kağızın qiymətinin artmasıdır.
Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz nazirlik rəsmisinin mövqeyini tənqid edib. O bildirib ki, əslində hökumətin rəqəmsallaşma sahəsində gördüyü işlər rüsumların azaldılmasına səbəb olmalıdı idi: “Dövlət rüsumlarının artırılması səbəbini izah edən nazir müavini Azər Bayramov bunu həm də son 10-15 ildə kağızın qiymətinin və çap xərclərinin artması ilə əsaslandırıb. Hörmətli nazir müavininin diqqətinə çatdırıram ki, son 10-15 ildə hökumət büdcədən rəqəmsallaşma və elektron hökumət quruculuğuna da milyonlarla manat vəsait ayrılıb. Bəs bunun nəticələri necə oldu, məntiqlə rəqəmsallaşma qiymətləri, xərcləri və rüsumları endirməliydi axı.
Digər dövlət qurumları da açıqlamalar verirlər ki, elektronlaşma , rəqəmsallaşma əsasında effektivlik təmin olunur, xərclər azalır, operativlik artır və s. İndi biz kimə inanaq? Anlaşılmazdır ki, əgər kağızın üzərində siyasət quracaqdıqsa, onda elektronlaşmaya milyonlar ayrımaq nəyə lazımıydı? Belə çıxır ki, ya elektron hökumətə ayrılan xərclər özünü doğrultmayıb , ya da hökumət təmsilçisi yalan danışır və əsaslandırma yanlışdır”.