Övladı ilə birgə müəmmalı surətdə ölən Aytən Niftəliyevanın qayınatasını hüquq-mühafizə orqanları ilə nə bağlayır?


Aytən Niftəliyevanın və 1 yaşlı qız övladı Tahirə Niftəliyevanın faciəli vəfatı ilə əlaqədar müxtəlif məlumatlar yayılmaqdadır.


A.Niftəliyevanın ailəsi qızlarının və nəvələrinin ölümündə kürəkənləri Rəhman Niftəliyevi ittiham edirlər. Ailə bildirir ki, R.Niftəliyev həyat yoldaşına fiziki təzyiqlər edib, ona qarşı kobud davranıb. A.Niftəliyevanın xalası Pəri Fəttahova mediaya açıqlamasında bildirib ki, hələ nişanlı olduqları vaxtdan R.Niftəliyev Aytənə qarşı fiziki təzyiq göstərib, onu dəfələrlə döyüb: "Valideynləri bu izdivaca əvvəldən qarşı imişlər, lakin Aytən onları razı salıb".

Sonuncu gün də eyni qaydada şiddətə məruz qalan A.Niftəliyeva yaşadıqları evin damına çıxaraq orada gizlənməyə çalışıb. Hər halda, mərhumun ailəsi belə deyir. Onlara da 3 gün xəstəxanada canı ilə əlləşən Aytən özü deyibmiş. Evin damına qaçmasına baxmayaraq, həyat yoldaşı da onun ardınca çıxıb. Övladını qucağından çəkib almağa çalışanda körpə Tahirə əllərindən çıxaraq damdan yerə düşüb. Aytən onun arxasınca düşsə də, damdan asılı qalıb. Qohumlarının dediyinə görə Aytən R.Niftəliyevə onu xilas etməsi üçün yalvarıb, lakin həyat yoldaşı məhəl qoymayıb. Bir neçə saniyədən sonra o da damdan düşərək ağır bədən travmaları alıb. Xəstəxanada özünə gələn Aytən hədisələrin məhz belə baş verdiyini danışıb. Lakin R.Niftəliyev və ailəsi bunu intihar kimi qələmə veriblər. Hazırda Səbail rayon prokurorluğunda da məhz Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Lakin A.Niftəliyevanın ailəsi bununla razılaşmır. Ailə qızlarının R.Niftəliyev tərəfindən qətlə yetirildiyini iddia edir.

AFN-in redaksiyasına hadisə ilə bağlı diqqətçəkən məlumat daxil olub. Bildirilir ki, R.Niftəliyevin atası İlqar Niftəliyev hüquq-mühafizə orqanlarının formalarının tikişi ilə məşğul olur: "Əlaqələri genişdir, işin üstünü ört-basdır etmək onun üçün asan məsələdir". İ.Niftəliyevin forma biznesilə məşğul olduğunu AFN-ə Aytənin ailəsi də təsdiqlədi. Eyni zamanda ailə bir daha işin üstünün ört-basdır edilməsinə cəhdlərin olduğunu bildirdi. Bu istiqamətdə mediadan, ictimaiyyətdən mədət umduqlarını bildirən xalası Pəri Fəttahova bizimlə söhbətində bildirdi ki, Aytəni xilas etmək onsuz da mümkün olmadı: "Heç olmasa bundan sonra başqa balalar ölməsin, körpələr qurban olmasın! Biz ölkə ictimaiyyətindən, mediadan xahiş edirik, bu məsələdə haqqın tərəfində olsunlar".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AFN-in sorğusuna cavab olaraq bildirildi ki, iş üzrə prokurorluq tərəfindən istintaq aparılır və buna görə əlavə məlumat vermək mümkün deyil. Baş Prokurorluğun mətbuat xidmətinə ünvanladığımız sorğuya isə hələlik cavab verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu