Jurnalistlər üçün tikilən binalara görə 16 milyondan çox pul mənimsənilib


Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.


AFN Musavat.com-a istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutur.
Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılır.

Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib.

Təhminə Yaqubova isə Vüqar Səfərlinin yanında baş mühasib kimi çalışıb.

Musavat.com Vüqar Səfərliyə qarşı irəli sürülmüş ittihamlar üzrə yeni təfərrüatlar əldə edib. V.Səfərliyə qarşı irəli sürülən əsas ittiham jurnalistlər üçün tikilən binalarda yol verilən yeyintidir.

Binanın inşası üçün Fond ilə “Arxin-M LTD” MMC arasında müqavilə bağlanıb.

İsintaq belə qənaətə gəlib ki, Vüqar Səfərli ilə yaxın münasibəti olan MMC-nin Memarlıq şöbəsinin müdiri Telman Tahirov materialların dəyərini qəsdən şişirdərək, işlərin daha keyfiyyətsiz şəkildə görməklə, görülməyən işlərə görə vəsaitlər ayıraraq mənimsənilib.

Həmçinin “Portos” MMC-də jurnalistlər üçün nəzərdə tutulan binaların inşasında milyonların mənimsənilməsində əsas pay sahibidir.

İstintaq belə qənaətə gəlib ki, jurnalistlər üçün ikinci binanı inşa etmək dövlət büdcəsindən 31 milyon 466 min manat ayrılıb. Bu məbləğin 22 milyon 274 min manatı binanın tikintisinə xərclənib. 9 milyondan artıq vəsait isə mənimsənilib.

“Portos” MMC-nin ayrı-ayrı vaxtlarda direktoru olmuş Nadir Məmmədov və Ədalət Vəliyevlə birlikdə sənədləri saxtalaşdırılıb. Saxta sənədlər həmçinin Fondun tikintiyə texniki nəzarət üzrə mühəndisi Bünyamin İsmayılov tərəfindən imzalanıb.

2017-2019-cu ildə də jurnalistlər üçün inşa edilməsi nəzərdə tutulan 3-cü bina üçün isə dövlət büdcəsindən 26 milyon 144 min manat vəsait ayrılıb. İstintaq orqanı müəyyən edib ki, həmin vəsaitin 18 milyon 409 min manatı tikintiyə xərclənib. 8 milyon manata yaxın vəsait isə yenə mənimsənilib.

Jurnalistlər üçün nəzərdə tutulan ikinci və üçüncü bina üzrə ümumi yeyinti 16 milyon 928 min manat olaraq müəyyən edilib.

Qeyd edək ki, Vüqar Səfərli iş məhkəməyə göndərilənə qədər dəymiş zərərin cəmi 200 min manatını ödəyib.

Digər təqsirləndirilən şəxslər də dəymiş zərərin müəyyən hissəsini ödəyib. Dəymiş zərərdən ən çox ödəyən isə Ədalət Vəliyevdir. O, 1 milyon manat ödəyib.

Xatırladaq ki, bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanətin üzərinə məhkənmə qərarı ilə həbs qoyulub.

Bundan başqa Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının üzərinə də həbs qoyulub.

- Xətai rayonu, Nobel prospektində yerləşən mağaza

- Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi

-Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil

- İsmayıllı rayonu, Ticran kəndində yerləşən torpaq sahəsi və ev

- “Mercedens Benz ML 350”, “Wolksvagen Tuareg” və “Toyota land Gruser” markalı avtomobillər.

Bunlardan başqa Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və oğlununa adına Xətai rayonunda olan obyektin üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu