Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlaklarının SİYAHISI
Ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
AFN Musavat.com-a istinadən xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutur.
Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılır.
Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərdən ev dustaqlığına olan Təmkin Xəlilov '"Altun" restoranın direktoru müavini, Şahin İbrahimov "Altun" restoranının inzibatçısı, Valeh Orucov "Xəmsə" restoranının icarədarı, Bəxtiyar Fətullayev "Xəmsə" restoranının icarədarı olub.
Təhminə Yaqubova Vüqar Səfərlinin yanında baş mühasib kimi çalışıb.
Məlumata görə, restoran icarədarlarının və vəzifəli şəxslərin istintaqa cəlb edilməsinin səbəbi onların KİVDF rəhbərliyi ilə əlbir olaraq tədbirlərin orada keçirilməsində, büdcədən ayrılan vəsaitlərin ələ keçirilməsində ittiham olunurlar.
Məhkəmədə zərərçəkmiş tərəf olan Medianın İnkişaf Agentliyinin nümayəndəsi Abbas Quliyev iştirak edir.
İttihama görə, aparılmış istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru Vüqar Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət satınalmalarına dair qanunvericiliyin tələblərinin pozulması, dövlət vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi, tikinti normalarına əməl olunmamaqla iş həcmləri və qiymətlərinin şişirdilməsi yolu ilə dövlətə məxsus ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəmə və israf etmə yolu ilə talanmasına, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törədilməsinə, habelə cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitinin leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilmiş, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.
Musavat.com Vüqar Səfərlinin dövlətə vurduğu zərərin nə qədərini ödədiyini dəqiqləşdirilib. Cinayət işi materiallarında yer alan məlumata görə, Vüqar Səfərli iş məhkəməyə göndərilənə qədər dəymiş zərərin cəmi 200 min manatını ödəyib.
Digər təqsirləndirilən şəxslər də dəymiş zərərin müəyyən hissəsini ödəyib. Dəymiş zərərdən ən çox ödəyən isə Ədalət Vəliyevdir. O, 1 milyon manat ödəyib.
Xatırladaq ki, bu iş üzrə V.Səfərlinin bir çox əmlaklarına həbs qoyulub. Vüqar Səfərlinin “Rabitəbank” ASC-də olan 300 min manat, eyni bankda oğluna məxsus isə 550 min manat əmanətin üzərinə məhkənmə qərarı ilə həbs qoyulub.
Bundan başqa, Vüqar Səfərlinin ümumi dəyəri 637 min manat olan aşağıdakı əmlaklarının üzərinə də həbs qoyulub.
- Xətai rayonu, Nobel prospektində yerləşən mağaza;
- Əhmədli qəsəbəsində yerləşən torpaq sahəsi;
-Xətai rayonu Lütfü Zadə küçəsində yerləşən mənzil;
- İsmayıllı rayonu, Tircan kəndində yerləşən torpaq sahəsi və ev;
- “Mercedes Benz ML 350”, “Wolkswagen Tuareg” və “Toyota land Cruiser” markalı avtomobillər.
Bunlardan başqa Vüqar Səfərlinin yoldaşının adına Binəqədidə olan torpaq sahəsi, oğlunun adına Novxanı kəndində olan torpaq sahəsi və oğlununa adına Xətai rayonunda olan obyektin üzərinə də məhkəmə qərarı ilə həbs qoyulub.