Leyla Abdullayeva Ermənistan XİN-ə cavab verdi


"Qonşu ölkələrin rəhbərlərinin səfərini şərh etmək Ermənistan Xarici İşlər Nazirliyinin həddi deyil”.


Bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa səfərinə dair açıqlamasına münasibət bildirərkən deyib.

"Açıqlamaya gəldikdə isə, hazırda Ermənistan XİN-də rəhbərliyin olmadığını nəzərə alaraq, bu qurumda qalanların və bu açıqlamanı hazırlayanların nəzərinə çatdırmaq istərdik ki, ölkə öz ərazilərini işğal edə bilməz, yalnız işğaldan azad edər. Elə 44 günlük Vətən müharibəsi nəticəsində də Azərbaycan öz torpaqlarını işğaldan azad etdi və ərazi bütövlüyünü təmin etdi.

Ermənistan XİN-ə öz ölkələri də daxil olmaqla, üç ölkə lideri tərəfindən imzalanmış birgə bəyanatlarla yaxından tanış olmalarını, bu bəyanatların icrasına yönəlik addımlar atmalarını tövsiyə edirik. Ermənistanın illüziyalara söykənərək deyil, real vəziyyəti dərk edərək davranması gərəkdir. Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşada imzaladığı Birgə Bəyannamə də məhz sülh və təhlükəsizliyin, yeni əməkdaşlıq imkanlarının təşviq edilməsinə yönəlib”, - deyə XİN rəsmisi vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu