Azərbaycanda rəssam COVID-19-dan dünyasını dəyişdi


Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Reklamçılar İttifaqının üzvü, keçəçi rəssam, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Rauf İsmayılov vəfat edib.


Bu barədə "Report"a Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şəhanə Müşfiq məlumat verib.

O bildirib ki, R.İsmaylov bir müddət əvvəl koronavirusa yoluxmuşdu: "O, martın 6-dan komada idi, amma bu gün günorta keçinib".

Qeyd edək ki, R.İsmayılov 1957-ci ildə Mingəçevir şəhərində anadan olub. 1974–1976-cı illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində, 1980–1986-cı illərdə Muxina adına Sankt-Peterburq Rəssamlıq İnstitutunun hazırlıq şöbəsində, 1986–1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin rəssamlıq fakültəsində təhsil alıb.

Keçədən hazırlanan yüzlərlə əsərin müəllifi olan R.İsmayılov "Ana məhəbbəti", "Hünər meydanı", "Fəryad", "Gəl rəqs edək", "Gecə görüntüləri", "Qurtuluş", "Məhəbbət sorağında", "Tənha ağac" və s. əsərlərin müəllifidir. 2002-ci ildə "Humay" milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi Soltan Məhəmməd adına xüsusi mükafata, 2005–2006-cı illərdə İran İslam Respublikasının, 2006-cı ildə Alman səfirliklərinin xüsusi diplomlarına layiq görülüb. 2006-cı ildə Bakı şəhərində "Həyatın bir anı", 2009-cu ildə "Ulu sənət", 2010-cu ildə "Ulu xalq – ulu sənət" adlı fərdi sərgiləri təşkil olunub.

Allah rəhmət eləsin!




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu