“MilliÖN”dən əlavə 1 manat ödənişi ilə bağlı daha bir - AÇIQLAMA
"MilliÖN” ödəmə terminalları elektrik enerjisi ödənişlərinə dair yayılan məlumatlara aydınlıq gətirib.
AFN-in xəbərinə görə, bildirilib ki, fevralın 10-dan etibarən "MilliÖN” ödəniş terminalları şəbəkəsində "Azərişıq” ASC-nin qeyri-əhali abunəçi qrupu üzrə elektrik enerjisi sərfiyyatı ödənişi məbləğdən əlavə olaraq 1 AZN ödəniş xidmət haqqı tətbiq edilir:
"Əlavə olaraq vurğulayırıq ki, bu qrupa kafe, restoran, mağaza, fabrik, zavod və s. tipli istehsal, kommersiya, xidmət və s. təyinatlı obyektlər aiddir.
Əhalinin qrupu üzrə elektrik enerjisi sərfiyyatına görə ödənişlərdən isə, əvvəllər olduğu kimi, heç bir xidmət haqqı tutulmur. Əhali qrupu ödənişləri əvvəlki qaydada, heç bir əlavə komissiya olmadan davam etdirilə bilər”.
Əlavə olunub ki, xidmət haqqı "Azərişıq” ASC tərəfindən deyil, "MilliÖN tərəfindən tətbiq edilir.
Xatırladaq ki, "MilliÖN” müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva "Azərişıq” ödənişlərində qeyri-əhali müştərilərindən borcdan əlavə 1 AZN tutulacağını bildirmişdi: "Bu qərar "Milliön” və "Azərişıq” arasında qarşılıqlı razılaşma əsasında qəbul olunub”.
"Azərişıq” ASC-dən isə qeyd olunmuşdu ki, istehlakçılara təqdim edilmiş bildiriş və hesab fakturadakı məbləğlərdən əlavə hər hansı məbləğ tələb edilmir.