2020-ci ildə ərzaq qiymətləri daha da yüksəlib
2020-ci ildə əsas ərzaq məhsulları və qida xammalının dünya qiymətləri son üç ilin ən yüksək həddinə çatıb.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib.
Belə ki, əsas ərzaq məhsullarının beynəlxalq bazardakı qiymətlərinin aybaay dəyişkənliyini əks etdirən indeksin dekabr ayında 2,2 faiz artaraq 107,5 bəndə çatdığı, bununla da 6 ilə yaxın müddət ərzindəki ən yüksək həddə çatdığı bildirilir. Bütövlükdə FAO indeksinin 2020-ci ildəki orta indeksi 2019-cu ilə nisbətən 3,1 faiz artsa da, 2011-ci ildə qeydə alınmış tarixi rekorda nisbətən 25 faiz azdır.
Dekabr ayında bitki yağları qiymətinin indeksi 4,7 faiz, taxıl qiymətləri indeksi 1,1 faiz, ağartı qiymətlərinin indeksi 3,2 faiz artıb. O cümlədən buğda, qarğıdalı, çəltik kimi taxıl məhsulları qiymətlərinin indeksinin artması daha çox başlıca istehsalçı ölkələrdəki havalarla, həmçinin məhsuldarlıqla bağlı proqnozlarla şərtlənir.
FAO ekspertlərinin qənaətincə, ərzağın bahalaşması pandemiyanın fəsadlarından daha çox bütövlükdə tələb-təklifin dəyişkənliyindən asılıdır.