Füzulidə aeroport tikilməsi Xocalı aeroportu mövzusunu həmişəlik bağlayacaq
AZƏRTAC-da "Füzulidə beynəlxalq aeroport tikilməsi Xocalı aeroportu mövzusunu həmişəlik bağlayacaq" başlıqlı məqalə dərc olunub.
AFN həmin məqaləni təqdim edir:
"Prezident İlham Əliyev işğaldan azad edilmiş Füzulidə beynəlxalq aeroport tikintisinin lap yaxın vaxtlarda başlanacağını elan edib. Bu xəbər həm 44-günlük müharibədə sarsıdıcı məğlubiyyətə uğrmış, amma bununla belə, Xocalı aeroportunun “lap yaxın vaxtlarda” açılacağı barədə şayiə yayan separatistlərə (atəşkəs haqqında bəyanat imzalanandan sonra onlar artıq 3 dəfə onun açılışı tarixlərini elan ediblər və hər dəfə bunun nəyə görə baş tutmadığını izah etmək üçün mənasız bəhanələr uydurmalı olublar, onların müharibədən əvvəlki “vədləri” barədə isə danışmağa dəyməz), həm də belə yalanları “əsl həqiqət” kimi qəbul edən və sosial şəbəkələrdə təlaş yayan yerli “ah-vayçı” müxalifətə ən yaxşı cavabdır.
Füzulidə müasir, gözəl, rahat, bütün standartlara cavab verən beynəlxalq aeroport tikiləcək! Mütləq, özü də qısa müddətdə! Buna heç kəs şübhə etməsin. İndi dövlət başçısının və onun komandasının bütün diqqəti 27 il işğal altında qalmış, bu müddətdə xarabalıqlarlara çevrilmiş ərazilərin bərpasına yönəldilib. Erməni qarətçilər Ağdam, Füzuli, Cəbrayıl və digər işğal edilmiş şəhər və kəndləri tanınmaz hala salıblar. Bu ərazilərlə müqayisədə hətta Xirosima və Naqasaki də bombalanandan sonrakı gün şəhər əlamətlərini daha çox saxlamışdı! Özlərini “qurucu xalq” adlandırmağı xoşlayanlar bu şəhərləri elə vəziyyətə salıblar ki, 12 ballıq zəlzələdən sonra da belə mənzərə yaranmazdı! Biz hazırda bərbad vəziyyətdə olan bütün şəhərləri və kəndləri yenidən quracağıq. Qoy 27 il bundan əvvəl oradan qovulmuş, indi isə hökmən bu yerlərə qayıdacaq yerli əhali sevinsin, vandallar paxıllıqdan çatlasınlar! Dağıdılmış abidələri, məscidləri, kilsələri (o cümlədən, Xocavənd rayonunda yerləşən, işğal illərində vandalların dağıtdığı rus kilsəsini və Şuşa şəhərində “qədim erməni məbədi” kimi qələmə verilən məbədi) bərpa edəcəyik. Şuşa şəhərində təsadüfən mərmi dəymiş kilsəni, erməni “tikililəri” ilə murdarlanmış qədim alban monastırlarını və məbədləri ilkin görkəminə qaytaracağıq. Məscidlərimizdə yenə azan səsi eşidiləcək, udinlər bərpa olunmuş alban məbədlərində öz dillərində ibadət edəcəklər.
Biz ən müasir səviyyəli yollar, estakadalar, körpülər, tunellər inşa edəcəyik. Suqovuşanda, habelə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolunda tikinti işləri tam sürətlə davam edir. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın yeni avtomagistrallarla birləşdiriləcək. Ağdam ilə Füzuli arasında ərazinin xüsusiyyətləri nəzərə alınmaqla bu yol hökmən düz xətt boyunca çəkiləcək (yolun Xocavənd rayonundan keçən hissəsində döngə istisna olunmur). Yevlaxdan Xankəndiyə qədər Bərdə, Köçərli, Təzəkənd, Ağdam, Əskəran və Xocalıdan keçməklə 104 kilometrlik dəmir yol tikintisi başlanacaq. Erməni vandalların 27 il ərzində məqsədyönlü şəkildə viran etdikləri əraziləri Azərbaycan liderinin rəhbərliyi ilə qısa müddətdə cənnətə çevirəcəyik. Biz kimin qurucu, kimin isə dağıdıcı xalq olduğunu sözdə, şüarlar vasitəsilə deyil, əməli işdə göstərəcəyik.
İndi isə aeroport mövzusuna qayıdaq. Hələlik bizim nəzarətimizdə olmayan Xocalı aeroportundan Bakının razılığı olmadan heç bir dərmansəpən təyyarə də uçmayacaq! Eyni zamanda Füzulidəki yeni aeroport Şuşaya gələn turistlər üçün ən münasib hava limanı olacaq. Axı təkcə cari ildə Azərbaycanın mədəni paytaxtında iki mühüm tədbir – “Xarı bülbül” festivalı və Vaqif poeziya günləri keçirilməsi nəzərdə tutulur. Gələcəkdə belə tədbirlər daha çox olacaq! Avropanın ən iri aeroportlarının əksəriyyətində terminallar avtovağzal və dəmir yolu stansiyası ilə birləşib. Müasir elektrik qatarları və rahat avtobuslar sərnişinləri yaxınlıqdakı şəhərlərə çatdırırlar. Əksər hallarda dəmir yol platformaları aeroport terminallarının düz altında yerləşir və sərnişinlər elektrik qatarlarından çıxandan sonra liftlərə və ya eskalatorlara minərək birbaşa qeydiyyat və əl yükünün sənədləşdirilməsi zalına düşürlər. Məsələn, Sürix, Frankfurt, Münxen, Amsterdam və digər şəhərlərin limanları bu cür inteqrasiya edilmiş aero-dəmir yol nəqliyyat konqlomeratlarıdır.
Füzulidə də belə bir liman yaradılacağı istisna olunmur. Xüsusən ona görə ki, layihələşdirmə işləri sıfırdan başlanır və heç nəyi təzədən etmək lazım gəlməyəcək. Bu halda Ağdam, Horadiz, Cəbrayıl, Zəngilan və başqa şəhərlərin sakinləri və qonaqları yüksək sürətli elektrik qatarları ilə aeroporta gəlmək və oradan getmək imkanı əldə edəcəklər. Eyni sözlər Qarabağın Dağlıq hissəsində yaşayacaq iki icmanın nümayəndələrinə də aiddir. Beləliklə, Füzuli aeroportu Xocalı aeroportunun əhəmiyyətini heçə endirəcək. Axı separatçılar bütün bu illər ərzində Xocalı aeroportuna görə lovğalanır, hətta Bakını şantaj etməyə çalışırdılar. Füzuli hava limanı istifadəyə veriləndən sonra Xocalı aeroportu kimə lazım olacaq!
Beləliklə, bizim əziz mühəndislər, layihəçilər və inşaatçılar, işiniz uğurlu olsun. Yaxın illərdə sizi çox böyük ümummilli tikintidə iş gözləyir, orada əsl cənnət yaranacaq!".