Ruslar Xocalı aeroportunu aça bilərmi? - Hərbi ekspert
"Azərbaycanın razılığı olmadan bu hava limanının açılması real deyil".
Bunu hərbi ekspert Ədalət Verdiyev Rusiya sülhməramlılarının Xocalı aeroportunun açılmasına çalışdıqlarına dair məlumatlara aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, mövcud şəraitdə bu aeroportun Azərbaycan və Rusiya arasında müzakirə mövzusu ola biləcəyi ististna təşkil etmir:
"Xocalı aeroportunun açılması ilə bağlı Ermənistan mətbuatında müharibə başa çatandan sonra ən azı 5 dəfə məlumat yayımlanıb. Erməni tərəfi yaxşı anlayır ki, bu aeroportun açılması Azərbaycan cəmiyyətində bir ruh düşkünlüyü yarada biləcək məsələdir. Çünki bizim həm siyasi, həm də hərbi rəhbərimiz dəfələrlə bu aeroportun Azərbaycanın nəzarətindən kənar istifadəsinin əleyhinə olduqlarını rəsmi şəkildə dəfələrlə bəyan edib. Təbii ki, Rusiyanın orada yerləşən sülhməramlı qüvvələrinin təminat və təchizatını da keyfiyyətli və sürətli şəkildə həyata keçirmək üşün bir hava limanına ehtiyacı var".
Ədalət Verdiyev hesab edir ki, istəlinən halda bu aeroport açılsa belə, oradan erməni əhalinin Azərbaycanın razılığı olmadan istifadəsi mümkün görünmür:
"Daha əvəllər də rusların bu hava limanını açmağa hazır olduqlarını, hətta limanın açılmasının dəqiq tarixlərini belə iddia edən erməni mətbuatı yəqin ki, növbəti dəfə həm Azərbaycan ilə Rusiya arasındakı münasibətləri gərginləşdirmək, həm də Azərbaycan cəmiyyətiində ruh düşkünlüyü yaratmaq məqsədilə növbəti dəfə belə xəbərləri yayırlar. Lakin bu o demək deyil ki, bu hava limanı nə zamansa açıla bilməz. Xeyir, açılacaq. Lakin bu aeroportun açılmasında Azərbaycan tərəfinin iştirakı və nəzarəti mütləq şərtdir".