Peyvəndi gözləyirik, ondan sonra normal həyat bərpa ediləcək - İlham Əliyev
“Mədəni abidələrimizin, dini abidələrimizin qorunması Mədəniyyət Nazirliyinin başlıca vəzifəsi olacaq. Mənim təşəbbüsümlə bir çox tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər çox tarixi abidələrimiz var. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişini aparmalıdır, siyahıya almalıdır, yeni siyahılar tərtib etməlidir. Çünki vaxtılə dövlət tərəfindən qorunan abidələrin siyahıları dəqiq tərtib edilməyib”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Onun sözlərinə görə, orada qərəzli yanaşma var idi: “Bəzi binalar o siyahıdan çıxarılırdı ki, sonra onlar satışa çıxarılsın. Belə hallar da var. Kifayət qədər çox pozuntular var idi. Yəni, bu siyahılarla bağlı aparılan manipulyasiyalar əlbəttə ki, bizim mədəni irsimizə çox böyük zərbə vurdu. Digər xoşagəlməz halların, - əfsuslar olsun ki, Mədəniyyət Nazirliyində kifayət qədər xoşagəlməz hallar mövcud idi, - hamısı üzə çıxdı. Bu pozuntuları buraxan insanlar məsuliyyətə cəlb olundular, o cümlədən cinayət məsuliyyətinə. Ona görə siz bütün bu pozuntularla bağlı ciddi mübarizə aparmalısınız. Mən sizə bu barədə göstərişlərimi artıq nazir müavini vəzifəsinə təyin edəndə vermişdim.
Bizim zəngin mədəni həyatımız var. Amma biz mədəni həyatımızı daha da zənginləşdirməliyik. Ümid edirəm ki, bu il peyvənd tətbiq olunandan sonra pandemiya artıq yavaş-yavaş yoxa çıxacaq. Biz də yaxın günlərdə peyvəndi gözləyirik və ondan sonra normal həyat bərpa ediləcək. Bizim mədəni həyatımız çox zəngin olmalıdır, müsabiqələr, festivallar keçirilməlidir. Biz həm Azərbaycan mədəniyyətini dünyada təbliğ etməliyik, həm də xarici qonaqları bundan sonra da dəvət etməliyik”.
Prezident vurğulayıb ki, dağıdılmış ərazilərdə mədəni obyektlərin, mədəniyyət ocaqlarının bərpası başlıca vəzifələrdən biridir: “Artıq operativ qərargaha bu məsələ ilə bağlı göstəriş verildi. Siz də orada təmsil olunursunuz. Ona görə dağıdılmış bütün tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız gərək siyahıya alınsın. Onların əvvəlki görüntüsü gərək təqdim edilsin. Onların bərpası, yaxud da ki, yenidən qurulması onların ilkin, yəni, autentik simasını pozmamalıdır. Ümumiyyətlə, yarıdağılmış tarixi abidələrimizin bərpasında çox həssas olmalıyıq. Ancaq biz o tarixi abidələrimizin əsl simasını bərpa etməliyik”.