Azərbaycan dəmir yumruğu və fanfarası


Dekabrın 10-da paytaxt Bakının Azadlıq meydanında Azərbaycan Böyük Vətən Müharibəsində Qələbəmizə həsr olunmuş Zəfər Paradı keçirildi. Azərbaycan Prezidenti cənab İlham Əliyevlə yanaşı qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan paradda iştirak və çıxış etdi.Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş çağdaş hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi qürurverici idi. Həmçinin Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı darmadağın etdiyi düşməndən ələ keçirilmiş hərbi qənimətlərin bir qisminin də nümayişi çox anlamlı oldu. Şəxsi heyətin və hərbi texnikanın keçidi boyunca hərbi orkestrin “Azərbaycan fanfarası”nı ifa etməsi hərbi ovqata sənət ovqatı qatırdı və gözəllik saçırdı. Hərb sənəti uğurlarımızla incəsənətimizin universal uyumunun təntənəsini yaşayırdıq.

Tarixi gün idi 10 dekabr! 10 dekabr 10 dekabrda qalmayacaq, tarixin altun səhifələrində öz layiqli yerini alacaq. Bu günü bizə yaşadan Müzəffər ordumuza, Ali Baş Komandanımız başda olmaqla, Silahlı Qüvvələrimizin bütün mənsublarına, şəhid ailələrimizə, yaralı qazilərimizə, Azərbaycana xidmət edən hər kəsə çox minnətdarıq! Qardaşlığını, vəfalı dostluğunu, əsl qonşuluğunu, fədakar haqq-ədalət tərəfdarlığını heç zaman əskik etməyən Türkiyəmizə, qardaş ölkənin dövlətinə, xalqına minnətdarıq! Heç təsadüfi deyil ki, dövlət başçımız Zəfər Paradındakı nitqində “Mən çox şadam ki, bu paradda mənim dəvətimi qəbul edərək Türkiyə Cümhuriyyətinin Cümhurbaşqanı, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak edir. Eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitləri iştirak edirlər. Bu, bir daha bizim birliyimizi, dostluğumuzu və qardaşlığımızı göstərir” dedi.
44 günlük müharibənin ilk anlarından Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qüdrətli qardaşımız Türkiyənin mənəvi, siyasi-diplomatik dəstəyini görmüşük. Bu dəstək bizə ruh yüksəkliyi verərkən, bir çox yabançı güclər üçün çəkindirici faktor oldu.
Baxmayaraq ki bizim işimiz haqq işiydi, biz işğala məruz qalmış torpaqlarımızı azad edirdik, lakin həqiqətlərə siyasi cəhətdən kar, kor və lal olmağı üstün tutanlar Azərbaycanı durdurmaq istəyində idi. Türkiyə Azərbaycanın tək olmadığını, hər zaman Azərbaycanın yanında olduğunu cəsarətlə bildirdi. Bu, ruh birliyimizin, vəfalı qardaşlığımızın paralq təcallasıydı. Ona görə də, Zəfər Paradında Türkiyənin dövlət başçısının böyük nümayəndə heyəti ilə iştirakı, türk hərbçilərinin nümunəvi keçid etməsi çox önəmliydi. Çətin gündə olduğu kimi, bayram günündə də birliyimizi bir daha həm öz xalqlarımız, həm də, bütün dünya gördü.
Zəfər Paradı bir tarixi mərhələnin tmamlanması, yeni mərhələyə keçidin bayram günü oldu. Hərb meydanında mübarizə bitdi, amma siyasi mübarizəmiz, iqtisadi mübarizəmiz, diplomatik mübarizəmiz davam edir. Biz işğalçının 30 il müddətində bizə vurdğu ziyanları ödətməliyik. Xaraba qalmış yaşayış məntəqələrimizi bərpa etməliyik. Şəhid ailələrimizin, yaralı hərbçilərimizin qayğısına qalmalıyıq. Hərb meydanında nəyə qadir olduğumuzun parlaq təcəssümü olan Zəfər Paradı ərəfəsində Prezidenin imzaladığı Fərman və Sərəncamlar bütün əməli fəaliyyət sahələri üzrə yol xəritəmizi də, vəzifələri də müəyyənləşdirmişdir.
“YAŞAT” Fondunun yaradılması, bundan öncə müharibədə müstəsna xidməti olanlar üçün ali ordenlərin, müxtəlif medalların və fəxri adın təsis edilməsi, yaralı hərbçilərimizin çağdaş tibbin ən son imkanları ilə müalicə edilməsi, itkin hərbçilərimizin tapılması, ev-eşiyi dağıdılmış mülki sakinlərin gərəkən dövlət himayəsi ilə əhatə olunması – işlərin təxirəsalınmadan icra edilməsi və b. önəmli addımlar dediklərimizə sübutdur. Yəni ali dövlət rəhbərliyi məşhur kəlamla desək, hansı işi nə vaxt, necə və nə müddət ərzində yerinə yetirmək lazım olduğunu ali səviyədə bilir və bunu ən uyğun şəkildə təcalla etdirir. Dövlət-xalq birliyinin sarsılmazlığını, davamlılığını və öz çiçəklənmələri ilə yeniliklər vəd etdiyini görürürk.
Qürurla deyə bilərik ki, uzun illər qalib ədası ilə lovğalanan işğalçı ölkə Azərbaycandakı zəfər iqliminin ümumxalq səciyyəsi daşıması müqabilində, xaosdan, miskinlikdən, nihilizimdən əziyyət çəkir – sabaha ümidsiz şəkildə çabalayır. Ermənistan “qalib”kən də, əslində qalib olmayıb; üfürülmüş şar kimi, sabun köpüyü kimi aldadıcı qürrələnmə olub Ermənistan qürrəsi... Çünki illa da öz iddialarını tarixi fakt, qəbuluməcbur gerçəklik kimi təqdim edirdi yalançı, hiyləgər, saxtakar Ermənistan siyasi-hərbi rəhbərliyi.
Məsələn, Ermənistan siyasi-hərbi rəhbərliyi Azərbaycanın mülki şəxslərinin avtomobil nömrələrindən “sərgi” düzəltmişdi, erməni gənclərinin Kəlbəcərdə ən sevimli yeriydi orası, önündə şəkil çşəkdirir, poz verirdilər. – Təsəvvür edin: öz doğma yurd-yuvasından didərgin salınan, əsir-girov götürülən mülki əhalinin avtomobillərini qəsb edəsən, sonra da onların nömrəsindən sərgi düzəldib, önündə şənlənəsən... Belə sərsəmdi onlar. Bizim Zəfər Paradındasa hərbi qənimət götürülmüş yaxud sıradan çıxarılmış Ermənistana məxsus hərbi texnikaların nömrələrindən “Qarabağ Azərbaycandır!” nəhəng lövhəsi düzəldilmişdi. – Necədir? “Avtomobil nömrələri sərgisi” səviyyəsində belə cavabını öldürücü miqyas və dəyərdə aldı işğalçı ölkə!
Silahlı qüvvələrinin xüsusi yetişdirilmiş minlərlə üzvü öldürülmüş, şikəst edilmiş və 10 min civarında hərbi qulluqçusu fərari olmuş Ermənistan... hərbi texnikasının (ən müxtəlif hesablamalara görə) 65-80 faizini itirmiş Ermənistan Azərbaycan Dəmir Yumruğunu hələ uzun müddət unutmayacaq!
Biz də unutmayacağıq – haqq necə nazilsə də üzülmədiyini!
DÖVLƏTİMİZ VAR OLSUN!

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri
Qənirə Paşayeva



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu