3 ölkə arasında imzalanan bəyanatda ən vacib elementlərdən biri...- ŞƏRH
"Azərbaycandan Türkiyəyə salınacaq yol tranzit və yük daşımalarının artmasına, Türkiyə ilə Azərbaycanın və Azərbaycan üzərindən Türkiyə, Türkiyənin Orta Asiya respublikaları ilə ticarət dövriyyəsinin artmasına səbəb olan əsas marşrut xəttinə çevriləcək”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, 3 ölkə arasında imzalanan bəyanatda ən vacib elementlərdən biri təbii ki, Naxçıvanla Azərbaycanın qərb hissəsinə, yəni birbaşa yolun həmin sənədə salınmasıdır: "Çünki Naxçıvanla bağlı bütün kommunikasıyalar kəsilmişdi. Bunun hansı formada realizə olunacağı sonrakı növbəti danışıqlar mərhələsində məlum olacaq. İki variant var. Birincisi, köhnə, SSRİ dövründən qalmış kommunikasiya xətlərinin və marşrutların bərpası, ikincisi isə Azərbaycanın Ermənistanla İran sərhədindən keçən və Naxçıvana çatan dəmir və avtomobil yolu idi. Ya çox güman ki, onun bərpası müzakirə predmeti olacaq, ya da ola bilsin ki, yeni bir marşrutun çəkilməsi düşünüləcək. Çünki ermənilər orada dəmir yolu xətlərini tamamilə sıradan çıxarıblar, söküblər. Bununla bağlı avtomobil yolu da dağıdılıb. Onun bərpasındansa yeni yolun çəkilməsi bəlkə də daha məntiqli olar. Yəqin ki, bu yol çəkiləndən sonra kommunikasiya xətlərinin açılması ilə müşahidə olunacaq. Həm dəmir yolu, həm avtomobil yolu, həm də Naxçıvanın enerji daşıyıcıları ilə təzminatı, yəni, qaz-boru xəttinin də çəkilməsi də həllini tapmalıdır”.
Natiq Cəfərli qeyd edib ki, Naxçıvanın enerji daşıyıcıları ilə təminatı uzun illərdir ya İran, ya da Türkiyə vasitəsi ilə həyata keçirilirdi:
"İndi bizim əlimizdə olan sənədin həyata keçirilməsi baş verdikdən sonra artıq buna ehtiyac qalmayacaq. Azərbaycandan Türkiyəyə salınacaq yol Azərbayan və Türkiyə iqtisadiyyatına və Azərbaycanın tranzit ölkə olmaq kimi planlarına da müsbət təsir göstərəcək. Amma əsas təhlükəsizliyin həlli məsələsidir. Yəqin ki, növbəti danışıqlar mərhələsində bu məsələlər müzakirə predmeti olacaq”.(Qaynarinfo)