“Alibaba Group”un sahibi ziyana düşüb
Çinin ən varlı iş adamı olan “Alibaba Group”un sahibi Cek Ma ona məxsus “Ant Group” maliyyə texnologiyaları şirkətinin İPO-su təxirə salındığı üçün 2,6 milyard ABŞ dolları zərərlə üzləşib.
“Report” bu barədə “Forbes Real Time”a istinadən xəbər verir.
Belə ki, sözügedən İPO-nun baş tutmaması nəticəsində “Ant Group”da üçdə bir pay sahibi olan “Alibaba”nın səhmləri kəskin ucuzlaşıb.
Ötən gün “Ant Group”un Şanxaydakı İPO-sunun dayandırıldığı açıqlandı. Ondan əvvəlki gün isə Cek Ma aidiyyəti dövlət qurumlarının vəzifəli şəxsləri ilə görüş keçirdi.
Qeyd edək ki, ötən ay Cek Ma rəsmi qurumlarını yenilikləri əngəlləməkdə qınayaraq “lombard təfəkkürü” daşıyıcısı olduqlarını demişdi.