Kestutis Yankauskas Gəncədə həlak olanların yaxınlarına başsağlığı verib
“Əvvəla yaxınlarını itirənlərə başsağlığı vermək istərdim. Hamını bu humanitar atəşkəsə əməl etməyə çağırır və bunun nəticəsində bu cür ölümlərin, yaralanmaların, dağıntıların qarşısının alınacağına ümidvarıq. Bu, danışıqların davamı, münaqişənin sülh yolu ilə həlli üçün bir şansdır”.
“Report” xəbər verir ki, bu fikirləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas Ermənistan ordusunun Gəncəyə endirdiyi raket zərbəsinin nəticələrilə tanış olmaq üçün gəldiyi bu şəhərdə jurnalistlərlə görüşü zamanı deyib.
Diplomat dünya birliyinin baş verənləri izləyərək atəşkəsə riayət olunmamasını pislədiyini diqqətə çatdırıb: “Belə şeylər gərək olmasın. İlkin şərtlər olmadan, razılaşdırılmış prinsiplər əsasında danışıqlar masaına oturub münaqişənin həlli yollarını axtarmaq barədə razılıq əldə edilmişdi”.
Xatırladaq ki, oktyabrın 11-də gecə vaxtı, humanitar atəşkəs razılığı əldə olunduqdan sonra cəbhə xəttindən uzaqda yerləşən Gəncə şəhərinə Ermənistan ordusu tərəfindən endirilən raket zərbəsi nəticəsində 9 dinc sakin həlak olub, aralarında uşaqların da olduğu 35 nəfər yaralanıb.
Ermənistan tərəfindən Azərbaycanın dinc şəhər və qəsəbələrinə raket hücumlarına dair faktlarla tanış olmaq üçün bu gün xarici diplomatik korpus nümayəndələri Gəncə şəhərinə gəliblər.