YAP xarici ölkələrin aparıcı siyasi partiyalarına müraciət edib
Yeni Azərbaycan Partiyası sentyabr ayının 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi hərbi təxribat nəticəsində başlayan döyüşlər və Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda mübarizəsi ilə əlaqədar, əməkdaşlıq etdiyi siyasi partiya birliklərinə və siyasi partiyalara növbəti müraciət ünvanlayıb.
YAP-dan AFN-ə verilən məlumata görə, müraciətdə bildirilir ki, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məskənlərini və mülki obyektlərini iriçarplı silahlardan və ağır artilleriyadan atəşə tutması nəticəsində 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi qarşıdurma kəskin şəkildə gərginləşib.
Ermənistan tərəfi intensiv şəkildə dinc şəhərləri hədəfə aldığından mülki əhali arasında çoxlu ölən və yarananlar var, mülki infrastruktur ciddi dağıntılara məruz qalıb. Müraciətdə nəzərə çatdrılır ki, Ermənistanın silahlı qüvvələri heç cür haqq qazandırıla bilməyən açıq təxribat törədərək oktyabrın 4-də münaqişə zonasından uzaqda yerləşən Azərbycanın ikinci böyük şəhəri Gəncəni, sənaye mərkəzi olan Mingəçevir şəhərini raket atəşinə tutub, dinc əhali arasında yaralanan və ölənlər var, infrastruktura ciddi ziyan vurulub.
YAP-ın müraciətində daha sonra qeyd olunur ki, 30 ildir Azərbaycan ərazilərinin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunub, bir milyon azərbaycanlı etnik təmizləmənin qurbanı olub. Bu illər ərzində ATƏT-in Minsk Qrupu tərəfindən aparılan vasitəçilik missiyası Ermənistanın qeyri – konstruktiv mövqeyi ucbatından müsbət nəticəyə nail olmayıb. Erməni tərəfinin mövqeyi çox müxtəlif üsullarla status-kvonu saxlamaqdan ibarətdir: “Hazırda Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda döyüş əməlliyatlarını həyata keçirir. Döyüşlərin dayandırılmasının və münaqişənin nizama salınmasının yeganə ədalətli şərti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazilərindən çıxarılmasıdır. Bütün Azərbaycan cəmiyyəti, ölkənin siyasi partiyaları və vətəndaş cəmiyyəti təsisatları 30 il davam edən işğala qarşı ədalətli mübarizə ideyası ətrafında sıx birləşərək, vahid mövqe nümayiş etdirir. Erməni işğalı və hazırkı şəraitdə dinc əhalinin atəşə tutulması Cənubi Qafqazda, bütövlükdə regionda sülh və təhlükəsizliyə ciddi təhdid olaraq qalmaqdadıdır. Beynəlxalq ictimaiyyət erməni işğalına son qoyulmasına, bir milyon məcburi köçkün azərbaycanlı əhalinin öz yurd-yuvalarına qayıtmasına lazımi dəstək göstərməlidir. Ermənistanın müharibə partiyasının əməlləri, qonşu ölkələrin torpaqlarını işğal etmək niyyətləri qətiyyətlə pislənməlidir. İşğalçılıq, etnik təmizləmə və etnik nifrət XXI əsrin ideologiyası ola bilməz və olmamalıdırİşğalçılıq və etnik təmizləmə ideologiyasına qarşı yalnız beynəlxalq birlik və həmrəylik dura bilər və durmalıdır. Buna görə də biz sizi Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünü və əhalisinin təhlükəsizliyini təmin etmək istiqamətində ədalətli mübarizəsini dəstəkləməyə çağırırıq.”.
Müraciət Yeni Azərbaycan Partiyasının əməkdaşlıq etdiyi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransına (İCAPP), Mərkəzçi Demokrat İnternasionalına, Avropa Xalqları Partiyasına, Türkiyənin Ədalət və İnkişaf Partiyasına, Rusiyanın “Vahid Rusiya” (“Единая Россия”) Partiyasına, Ukraynanın “Sluqa naroda” Partiyasına, “İsrail bizim evimizdir” Partiyasına, Çin Kommunist Partiyasına, Cənubi Koreyanın Demokrat Partiyasına, Yaponiya Liberal-Demokrat Partiyasına, Vyetnam Kommunist Partiyasına, Qazaxıstanın “Nur Otan” Partiyasına, Macarıstanın “FİDESZ” Partiyasına, eləcə də Pakistanın, Malayziyanın, Banqladeşin, Laosun, İndoneziyanın, Rumıniyanın, Bolqarıstanın, Serbiyanın və digər ölkələrin, bütövlükdə Avropa və Asiyanın 34 ölkədən 54 siyasi partiyalarına, eləcə də bir sıra beynəlxalq təşkilatlara ünvanlanıb.