“Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, münaqişə həll olunmayacaq” - Rusiyalı deputat
“Azərbaycan öz ərazilərini işğaldan azad etməyə cəhd edir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov bildirib.
O, sentyabrın 27-də başlayan hərbi münaqişədə hazırkı Ermənistan hakimiyyətini və şəxsən baş nazir Nikol Paşinyanı günahlandırıb: “Azərbaycan İrəvanın bütün danışıqlar prosesini pozması fonunda öz ərazilərini işğaldan azad etməyə cəhd edir”.
Rusiya Dövlət Dumasının Dağlıq Qarabağ münaqişəsi regionundakı vəziyyətə dair bəyanat layihəsini qəbul etdiyini xatırladan A. Juravlyov bu bəyanatı dəstəklədiyini, onun ölçülüb-biçilmiş sənəd olduğunu qeyd edib: “Azərbaycanın Dağlıq Qarabağdan başqa yeddi rayonu da işğal olunub. Bu, həqiqətdir. Bunu biz daxil olmaqla, hamı etiraf edir. Lakin bununla bağlı danışıqlar getmir. Bəs rəngli inqilabla hakimiyyətə gələn Paşinyan nə edir? O, danışıqlar prosesini pozur. Azərbaycan isə bu halda baxır ki, heç bir dialoq aparılmır. Təbii ki, Azərbaycan buna hansısa şəkildə reaksiya verməlidir. Əlbəttə ki, torpaqlarını işğaldan azad etməyə başlayır. Sizi əmin edirəm ki, Azərbaycan torpaqlarını işğaldan azad etməyincə, münaqişə həll olunmayacaq”.