“Bu sənətin ustası olmaq üçün arzusunda olmalısan” – memarla söhbət
Lazım olan bir sənəti axtar sən
Veyil-veyil dolanmaq çox yamandır.
Lazım olan bir sənəti tapdınmı
Möhkəm yapış, əldən vermə, amandır
Əbdürrəhman Caminin bu misraları sənət və sənətkarın həyatı haqqında təsəvvür yaratmağa imkan verir. Yəni boş dayanma, özünə uyğun iş tap və o işlə məşğul ol, uğur qazanacaqsan. Budəfəki həmsöhbətimiz Rüstəm usta da özünə uyğun iş tapıb və halal zəhmətilə ailəsini dolandırır.
Qasımov Rüstəm 20 ildir ki, doğulub boya-başa çatdığı Gədəbəy rayonunda tikinti sahəsində çalışır. Tikintinin bütün işlərini bacarır: hörgüdən tutmuş suvağa, kafel-metlax döşəmədən dam-tavan çatmaya qədər bütün işlərin dərinliklərinə yiyələnən Rüstəm usta bu işləri özü öyrənib: “Ailəmizdə heç kim bu sənətlə məşğul olmayıb. Tək mən bu sahədə işləyirəm”.
İnsanlarının zövqünün fərqliliyindənmi, yaxud havasının soyuqluğundanmı – nədənsə Gədəbəydə tikintidə daha çox ağacdan istifadə edilir. Rüstəm ustanın sözlərinə görə, rayonda götürdüyü sifarişlər arasında ağacdan nələrsə yaratmaq, evlərin divarlarının ağacla döşənməsi kimi sifarişlər üstünlük təşkil edir. Lakin bütün bunlar təbii ki, həmsöhbətimizi qorxutmur: “Bundan başqa, sementdən böyük tikintilər də sifariş edilir, hamısının öhdəsindən gələ bilirəm. Peşəkar adam heç bir işdən qorxmur, bütün sifarişləri sözsüz yerinə yetirir”.
Maraqlıdır ki, həmsöhbətlərimizin bir çoxu kimi, Rüstəm usta da uşaqlıqdan memar olmaq arzusunda olub. “Bu sənətin ustası olmaq üçün arzusunda olmalısan” deyən müsahibimizin fikrincə, əsl ustadan müştəri heç vaxt narazı qalmaz: “Əgər usta özü öz işindən ürəkdən razıdırsa, müştəri də mütləq razı qalır. Təcrübəmdə öz işimdən ürəyimdə də olsa narazılıq keçirdiyim olmayıb. Hər dəfə də özüm üçün yeni məqamlar, yeni üslublar kəşf edib tətbiq etmişəm. Yəqin ki, buna görə də heç vaxt müştəri narazılığı eşitməmişəm, hər zaman da sifarişlərim bol olub”.
Məhz sənətinə olan sevgisi işinə ali yanaşmasına səbəb olur. Yaşadığı regionun soyuq təbiəti onu sevimli işindən qətiyyən soyutmur: “Sənətimi sevirəm, bu sənətin üstünlükləri halal qazanc, ailələrə sevinc hissi bəxş etməkdir. Mən öz halal əməyimdən qürür duyuram. Evini, yuvasını mənə etibar edən hər kəsə təşəkkürlərimi bildirirəm. Eyni zamanda Norm Ustalar Klubu layihəsinin müəlliflərinə də çox sağ ol deyirəm ki, məni bu layihəyə cəlb ediblər”.
P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.