Halal zəhmətlə dolanmaq bizim ən böyük uğurumuzdur – Usta həyat(ı)




Səy və istedad. Əgər heç biri yoxdursa, əzəmət də yoxdur. Birləşdikdə valehedici olurlar. Dünya şöhrətli yazıçı-filosof Baltazar Qrasian deyir ki, səy göstərən adi adam, səy göstərməyən istedadlı adamdan daha çox şeyə nail olur. Şöhrət ciddi əmək hesabına qazanılır. Asanlıqla başa gələn şey yüksək qiymətləndirilə bilməz.



Dünyada müxtəlif peşələr var: ağır zəhmət tələb edən, yüngül peşələr – hansı ki, insanlar məşğul olur, pul qazanır. Ağır əmək tələb edən peşələrdən biri də tikinti sahəsidir. Tikintinin bütün sahələri zəhmət və güc tələb edir. Həmsöhbətimiz, Bərdə rayon sakini, rayonda adlı-sanlı usta Telman Həsənov da bu zəhməti və gücü özündə tapan insanlardandır. 58 yaşlı Telman usta Bərdə rayonunda doğulub böyüyüb. Əsasən dülgərlik və bənnalıq etsə də, tikintinin bütün sahələrini bilir. Baxmayaraq ki, Telman ustanın atası və əmiləri bu sənətlə məşğul olub, özü daha çox əsgərlikdə aldığı təhsil sayəsində peşəkarlaşıb: “1981-ci ildə hərbi xidmətdə olarkən bizi dülgər-betonçu kimi oxutdular. Əsgərlikdə bu sənət üzrə 2 il işlədim. Mənim atam, əmilərim də tikintidə işləyirdilər. Əsgərlikdən gələndən sonra mən də qoşuldum onlara. Beləcə püxtələşib tanındım. Görünür, məhz rayonda tanınmağım Norm Ustalar Klubu layihəsi müəlliflərinin də diqqətini çəkib. Yeri gəlmişkən, bu layihənin müəlliflərinə təşəkkürümü bildirirəm ki, məni cəlb ediblər”.
Bərdə sakinləri müxtəlif sifarişlər versə də, həmsöhbətimiz öz peşəkarlığı ilə hamısının öhdəsindən gəlməyi bacarır. Rayonda daha çox Avropa üslubunda tikintiyə üstünlük verilir ki, bu da, qeyd etdiyimiz kimi, Telman ustanı qorxutmur.
T.Həsənov müxtəlif dövlət sifarişlərində də iştirak edib: “Körpü tikintisində, böyük aptekin inşasında iştirak etmişəm”.
Maraqlıdır ki, uşaqlıqdan memarlıq haqda heç təsəvvürü də olmayıb. Gördüyü, bildiyi o olub ki, atası və əmiləri tikinti sahəsində çalışır, ailələrini buradan çıxan qazancla dolandırırlar: “Mən uşağlıqda heç bilmirdim ki, memarlıq nədir. Ancaq gəldim tikinti ustası oldum. Həm də elə bir usta ki, müştərilər daim işimdən razı qalırlar. Bunu ona görə əminliklə deyirəm ki, razı olmasalar 2-ci, 3-cü dəfə muraciət etməzlər”. Telman ustanın işinə qarşı həssaslığı çoxdur. Diqqət bu işdə onun əsas yoldaşıdır. Buna görə də gördüyü işlərin keyfiyyəti rayonda dillər əzbəridir: “İşimiz ağırdır, böyük zəhmət, fiziki güc tələb edən işdir, amma əsas odur ki, hamıya sevinc bəxş edirik”.
“Ailənizdə hər hansı bir sahədə uğuru, nailiyyəti olan varmı” deyə soruşduqda isə cavabı bu oldu: “Uğurlarımız odur ki, hamımız halal zəhmətimizlə dolanırıq, hamımız ev-eşik sahibiyik”.

P.S. Yazı Norm Ustalar Klubu layihəsi çərçivəsində hazırlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu