Daha bir icra başçısı qandallandı - bu dəfə Baş Prokurorluq...




Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirildi, başçı və müavinləri qandallandı; Ceyhun Cəfərov özünü “firon” kimi aparan məmurlardan idi...




Avqustun 19-da Kürdəmir Rayon İcra Hakimiyyətində antikorrupsiya əməliyyatı keçirilib.



APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat vətəndaşlardan daxil olan şikayətlər əsasında aparılır.

Baş Prokurorluq Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktını təsdiqləyib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi faktı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanıblar.

Əməliyyat çərçivəsində İH-nin digər işçilərinin də saxlanıldığı bildirilir.

Kürdəmir RİH-nin başçısı Ceyhun Fərrux oğlu Cəfərov 2014-cü ildən bu vəzifədə çalışırdı. Kürdəmir rayonu ən çox şikayətlərin gəldiyi rayonlardan idi. Bu rayonda əkin və örüş torpaqlarının qanunsuz satılması, sahibkarlardan xərac toplanılması ilə bağlı mətbuatda dəfələrlə yazılar dərc edilib.

Həmçinin, Ceyhun Cəfərovun özünü rayonda “firon” kimi apardığı, Kürdəmir ərazisində hərəkət edərkən kortejlə gəzməsi əhali tərəfindən qıcıqla qarşılanırdı.

Onun heç bir şikayətçini qəbul etməməsi də barəsində səslənən ittihamlar sırasındadır.

Nəzərə çatdıraq ki, yerlərdə narazılıq yaradan və korrupsiyaya bulaşmış icra başçılarının cəzalandırılması prosesi uzun müddətdir davam edir.

Prezident İlham Əliyevin idarəetmə sistemində həyata keçirdiyi köklü islahatlar çərçivəsində icra hakimiyyətlərində də ciddi yenilənmələr aparılır, sərt cəza tədbirləri həyata keçirilir. Ceyhun Cəfərovdan əvvəl 5 rayonun icra başçısı həbs edilib. Dövlət başçısı dəfələrlə deyib ki, heç kimə güzəşt edilməyəcək, oğurluq edən, korrupsiya ilə məşğul olan məmurlar ciddi cəzalandırılacaq. Bu siyasət artıq 1 ilə yaxındır ki, davam edir.

Maraqlıdır ki, bir sıra icra başçıları cəzalandırılan həmkarlarının aqibətindən nəticə çıxarmır və yekun budur ki, onlar özləri də həmin acı taleyi yaşayırlar.

Təbii ki, dövlət bu yöndə sərt davranışlarını davam etdirəcək. Heç kimə güzəşt edilmədiyi də göz önündədir.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu