Bəhram Bağırzadənin son durumu açıqlandı
“Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır stabil olaraq qalır Udqunma və qidalanmada heç bir narahatlıq müşahidə olunmur”.
Bu fikirləri “Report”a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
O bildirib ki, Əməkdar fəaldır, yeriyir: “Xəstənin tənəffüsü fizioloji yolladır. Ötən günün bədən hərarəti və qanda iltiahibi göstəricilərin yüksəlməsi nəzərə alınaraq antibakterial müalicədə müvafiq dəyişiklik edilib”.
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. İyulun 2-də ECMO-dan ayrılıb.
B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.